Əbədi odların məskəni "Atəşgah" - FOTOREPORTAJ

Əbədi odların məskəni "Atəşgah" - FOTOREPORTAJ Jurnalistlər qədim məbədin tarixi ilə yenidən tanış oldu
Multimedia
15 May , 2015 15:39
Əbədi odların məskəni Atəşgah  - FOTOREPORTAJ

Bakı. 15 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə "Atəşgah" məbədinə infotur təşkil edilib.

"Report" xəbər verir ki, jurnalistlər, xarici qonaqlar və yerli ziyarətçilər üçün təşkil edilən tanışlıq proqramı 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunub. 

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Könül Cəfərova nümayəndələrə qədim məbədin tarixi və bu günü ilə bağlı məlumat verib.

Onun sözlərinə görə, "Atəşgah" qədim mənbələrdə Azərbaycan, xüsusilə də Bakı bölgəsində əbə­di od­la­rın yandı­ğı yer ki­mi qeyd olunub. Azərbaycan Prezidentinin "Tarixi abidələrimizin qorunması və bərpası ilə bağlı" verdiyi sərəncamdan sonra bir çox tarixi abidələr kimi "Atəşgah" məbədi də təmir edilib.

Qeyd olunub ki, od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilib.

Atəşpərəstlərin qədim ziyarətgahlarının yerində varlı hind tacirləri XVIII əsrdə tikililər ucaltmağa başlayıblar. Mərkəzi məbəd - qurbangah sonrakı dövrə aiddir, üzərindəki yazı onun tacir Kançanqaranın vəsaiti ilə 1810-cu ildə inşa edildiyindən xəbər verir. XVIII əsrdə burada bir-birinə bitişik ibadətgah, hücrə, karvansaraylar artmağa başlayıb. Hücrələrdə daşlarda oyulmuş hind əlifbası ilə yazılmış yazılar var. 

Atəşgahda yaşayan onlarla zahid oda tapınır, onlar tərki-dünya həyat sürür, bədənlərinə əzab verərək ruhlarını təmizləyirlər. Onlar boyunlarından çəkisi 30 kiloqramdan ağır zəncir asır, bədənlərinin ayrı-ayrı hissələri keyiyənədək qaynar əhəngin üzərində uzanırdılar. Zahidlər işləmir və hind tacirlərinin ianələri hesabına yaşayırdılar. Onlar inanırdılar ki, öləndən sonra insanın ruhu yenidən doğulur və Yer üzünə qayıdır. Onun hansı şəkil (insan, yoxsa heyvan) alacağı isə karmadan - xeyir və şər əməllərindən asılıdır.
XIX əsrin əvvəllərində "Atəşgah" məbədi indi bizə gəlib çatan şəklini alıb. Yerli memarlıq ənənələri üzərində qurulan "Atəşgah" özündə qədim od səcdəgahının xüsusiyyətlərini daşıyır. Bu, içəridən dişli divarları və giriş portalı olan beşguşəli tikilidir. İçəridə, həyətin mərkəzində baş məbəd-səcdəgahın dördkünc rotondası (girdə və ya yarımgirdə qübbəli kiçik bina) ucalır.

Giriş portalında Abşeron üçün səciyyəvi olan qonaq otağı - "balaxana" qurulub. Məbədin yaxınlığında dördkünc çuxur var, hazırda bura daşlarla doldurulub, əvvəllər orada ölü indusların meyitlərini odda yandırırdılar. XIX əsrin ortalarında torpaq sürüşməsi ilə bağlı bu yerlərdə təbii qazın çıxması bitib. Zəvvarlar bunu Allahların qəzəbi ilə bağlayıb buranı tərk etdilər. Atəşgah, sitayiş yeri kimi 1880-ci ilədək yaşayıb, o il sonuncu indus da Hindistana köçüb. 1975-ci ildə bərpa işlərindən sonra "Atəşgah" yenidən qapılarını ziyarətçilərin üzünə açıb.

"Atəşgah" məbədində son illər yenidən arxeoloji qazıntılar aparılıb. Qazıntılar nəticəsində atəşpərəstlərə məxsus bir neçə maraqlı tarixi abidə aşkar edilib. Buna misal olaraq, 4 il əvvəl aşkara çıxarılan qaz ambarını göstərmək olar. Qaz anbarı atəşpərəstlərin dövründə torpağın altında qazılıb və burada zəngin qaz yatağının olması "Atəşgah"ın ilk sakinlərinin yaşadıqları hücrələri istiliklə təmin etmələrinə şərait yaradıb. Oda sitayiş edən atəşpərəstlər yaşadıqları və dini ayinlər keçirdikləri hücrələrə saxsı borular vasitəsilə qaz xətti çəkiblər. Həmin saxsı borular bu günədək qorunub saxlanmasa da, onların keçdikləri çığırlar "Atəşgah" məbədinin həyətində mühafizə olunub saxlanılır.

"Atəşgah"a ziyarətə gələn qonaqlar arasında xarici turistlər çoxluq təşkil edir. ABŞ və Kanadadan gəlmiş bir qrup turistin məbədlə tanışlığı media nümayəndələrinin gözündən yayınmadı. Xarici qonaqlar məbədin həyətində olan hücrələrlə tanış olur, tarixi abidə haqqında verilən məlumatlara diqqətlə qulaq asırdılar.

Qeyd edək ki, "Atəşgah" məbədinin ərazisində 24 hücrə var. Hücrələrdə atəşpərəstlər dini ayinlər keçirir, yaşayır, qidalanır və cəza üsulu kimi özlərinə fiziki və mənəvi "əzab" verirdilər. Bunun bariz sübutu kimi o dövrün insanlarını xatırladan maketlər bərpa işlərindən sonra qorunub və gələn qonaqlara təqdim edilir.

Müasir "Atəşgah" XVII-XVIII əsrlərdə "əbədi", sönməyən odların - təbii qazın alovlarının torpağa çıxdığı yerdə tikilib. Onu Bakının hindu icması inşa edib. Onların əksəriyyəti Şimali Hindistandan gəlib və siqh kastasına mənsub olublar.

Ərəblər Azərbaycanı işğal etdikdən və əhali islam dinini qəbul etdikdən sonra zərdüştilərin məbədi dağıdılıb. Zərdüştilərin əksəriyyəti islamı qəbul etməyib Hindistana qaçıb. Atəşpərəstliyin sonrakı tarixi isə orada davam edib. XV əsrdə Hindistanla iqtisadi və mədəni əlaqələr qurulduqdan sonra Suraxanıda oda sitayiş yenidən bərpa olunub. XVII əsr mənbələrində Bakıya oda sitayiş etməyə gələn hindu zəvvarlardan danışılır.

Son xəbərlər

Orphus sistemi