"Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etsə də, hələlik nəticə yoxdur. İnanırıq ki, bu sülh müqaviləsinin imzalanması bütün Cənubi Qafqazın inkişafına öz təsirini göstərəcək".
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumların rolu” adlı 3-cü DİM Dialoqunun iştirakçıları ilə görüşündə deyib.
S.Qafarova diqqətə çatdırıb ki, Ermənistanın işğal etdiyi ərazilərdə 30 il ərzində 1 milyondan artıq minanın basdırılması aparılan işlərə maneə törədir və bu minalar insan tələfatına səbəb olur.
Spiker onu da qeyd edib ki, ölkəmiz öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etdikdən sonra hazırda bu ərazilərdə böyük yenidənqurma və bərpa işləri həyata keçirilir:
"Ağıllı şəhər" və "ağılllı kənd" layihələri icra olunur. Artıq bu ərazilərdə üçüncü hava limanının tikintisi başa çatmaq üzrədir. Bu proses də Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə sıx bağlıdır və burada da Hesablama Palatasının üzərinə böyük vəzifə düşür".