Səhiyyə Nazirliyi mütəmadi şəkildə dərman vasitələrinin qiymətləri ilə bağlı müvafiq strukturlarla təhlillər aparır.
“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsində deyib.
Onun sözlərinə görə, digər ölkələrin dərmanlarının qiymətləri ilə bağlı məlumat bazası toplanılır: “Biz zərurət yarandıqda Tarif Şurası ilə operativ müzakirə apararaq həll yollarını tapırıq”.
R.İsmayılov həmçinin bioloji fəallığa malik qida əlavələri ilə bağlı yaranan problemlərə də aydınlıq gətirib: “Həmin qida əlavələri dövlət qeydiyyatına alınmır və qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Bu da sahibkarların həmin məhsulları istənilən qiymətə satmasına yol açır. Qida əlavələrinin həb kimi satılması insanlar arasında dərmanların baha olması barədə fikir formalaşdırır. Qanuna təklif edilən dəyişikliklə elektron resept bu kimi neqativ halların aradan qaldırılmasını tam təmin edəcək. Eyni zamanda bioloji fəallığa malik qida əlavəsi dərman deyil və müalicəvi təsiri də yoxdur. Ona görə də insanlar dərmanların keyfiyyətinin olmadığını deyirlər. Bu da yalnış fikirlərə yol açır”.