Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasına səfəri davam edir.
“Report”un Rusiya bürosu xəbər verir ki, mayın 15-də nümayəndə heyətimiz Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına gəlib. Milli Məclisin sədri Sahibə Qafarovanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin qarşılayıb.
Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiya Dövlət Dumasının inzibati binasında təşkil edilmiş Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı sərgi ilə tanış olub. Sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən zəngin fotoekspozisiya nümayiş etdirilib.
Sərgini TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman açıb.
Sərgidə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova tədbir iştirakçılarını salamladıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, elə liderlər var ki, onların fəaliyyəti bir dövlətin hüdudlarına sığmır. Onlar cəmiyyətə, dövlətin siyasi və iqtisadi kursuna və onun beynəlxalq münasibətlər sistemindəki əhəmiyyətinə həlledici təsir göstərirlər. Onlar öz xalqlarının tarixində mühüm rol oynayır, eyni zamanda, dünya siyasətində də iz qoya bilirlər. Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məhz belə bir şəxs olduğunu vurğulayıb.
Parlamentin spikeri diqqətə çatdırıb ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycanın ali rəhbərliyinə seçilməsi ölkə tarixində böyük dönüşün başlanğıcı oldu. Həmin dövrdə onun məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın qabaqcıl respublikalardan birinə çevrilməsi istiqamətində ciddi addımlar atıldı.
Sahibə Qafarova bildirib ki, Heydər Əliyev Sovet İttifaqının ali siyasi rəhbərliyinə yüksəlmiş nadir liderlərdən biri olub. 1982-ci ilin sonunda o, SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, Siyasi Büronun üzvü seçilib. Spiker qeyd edib ki, Heydər Əliyevin adı iqtisadi və nəqliyyat sisteminin ciddi modernləşdirilməsi, iri infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlıdır və bunların arasında Baykal-Amur magistralının tikintisini xüsusi qeyd etmək lazımdır.
Milli Məclisin sədri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafına əvəzsiz töhfələr verdiyini söyləyib. Onun Azərbaycanın müstəqilliyinin bərqərar olunmasında və möhkəmləndirilməsində, beynəlxalq aləmdə nüfuzunun artırılmasında müstəsna rol oynadığını deyib. Sahibə Qafarova bildirib ki, XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə ictimai-siyasi sabitlik yaradıldıqdan sonra Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanıb və qəbul edilib.
Parlamentin spikeri Sahibə Qafarova qeyd edib ki, məhz Heydər Əliyevin sayəsində bu gün Azərbaycanda hüquqi, demokratik dövlət qurulub və inkişaf edir. Azərbaycanın Ümummilli Lideri dövlətimizin iqtisadi, enerji siyasətinin əsaslarını qoyub, Azərbaycanın genişmiqyaslı transmilli layihələrdə iştirakını təmin edib. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış neft strategiyası ölkənin enerji sektorunun təkmilləşdirilməsi və Azərbaycan iqtisadiyyatının uzunmüddətli perspektivdə inkişafı üçün əsas olub.
Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Liderinin Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini və prioritetlərini müəyyənləşdirdiyini bildirib. O, qeyd edib ki, Heydər Əliyev Azərbaycanla Rusiya arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasına xüsusi önəm verib.
Parlamentin sədri nəzərə çatdırıb ki, Heydər Əliyev ölkələrimiz arasında iqtisadi, enerji, humanitar, mədəni, elmi və digər sahələrdə əməkdaşlığın inkişafı üçün bütün potensial imkanlardan səmərəli istifadə etməyə nail olub.
Milli Məclisin sədri Sahibə Qafarova müasir şəraitdə Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyinin təqdirəlayiq olduğunu deyib. O, hazırda Azərbaycanla Rusiya arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləyib. Sahibə Qafarova bildirib ki, bu gün Ümummilli Liderin bütün vəsiyyətləri müvəffəqiyyətlə həyata keçirilir. O qeyd edib ki, Azərbaycan regionun güclü dövlətlərindən birinə və etibarlı siyasi, iqtisadi tərəfdaşa çevrilib. Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna rolunu vurğulayaraq, bildirib ki, onun rəhbərliyi altında postsovet məkanında ən uzun sürən və faciəli münaqişələrdən birinə son qoyuldu. Parlamentin spikeri nəzərə çatdırıb ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bildi.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazilərinin dirçəldilməsi və işğalçılar tərəfindən dağıdılmış tarixi şəhər və kəndlərin bərpası istiqamətində məqsədyönlü işlər görülür. Məcburi köçkünlərin daimi yaşayış yerlərinə dinc və təhlükəsiz şəkildə qayıtması üçün hərtərəfli fəaliyyət həyata keçirilir. Bu isə hər bir azərbaycanlının fəxr etdiyi bir şəxsiyyət və işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayan görkəmli lider Heydər Əliyevin əsas vəsiyyətlərindən biri idi.
Sonra tədbirdə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə fikirlərini bölüşüb. O, Heydər Əliyevin keçmiş SSRİ-dəki fəaliyyətini, Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı rolunu yüksək dəyərləndirib.
Sərgidə Dövlət Dumasının fraksiya rəhbəri Gennadiy Züqanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək, Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini və ürək sözlərini söyləyiblər.
Tədbirdə Rusiya Dövlət Dumasının deputatları, fraksiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Görüşdə Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirib.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.