Aİ-nin büdcəsində Ukraynaya yardım və şərq təhlükəsizliyinin nəzərə alınması tələb olunub
- 26 noyabr, 2026
- 16:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Litva, Latviya və Estoniya hesab edirlər ki, Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üçün nəzərdə tutulmuş gələcək uzunmüddətli büdcəsi Rusiya ilə həmsərhəd olan şərq cinahı ölkələrinin ehtiyaclarını daha çox nəzərə almalı, Ukraynanın maliyyələşdirilməsi isə Aİ-nin prioritetlərindən biri olaraq qalmalıdır.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə hər üç Baltikyanı ölkənin liderləri Brüsseldə Avropa Şurasının xüsusi iclası çərçivəsində bəyan ediblər.
Hər üç lider Avropa təhlükəsizliyi, Ukraynaya dəstək və büdcə vəsaitlərinin bölüşdürülməsi məsələlərinin bir-biri ilə bağlı olduğunu vurğulayıb.
Litva Prezidenti Qitanas Nauseda bildirib ki, Aİ-nin şərq sərhədinə yönələn təhdidlər barədə davamlı müzakirələrə baxmayaraq, vəsaitlərin bölüşdürülməsi zamanı onlar hələ də kifayət qədər nəzərə alınmır.
Bununla yanaşı, o, həm ayrı-ayrı dövlətlər, həm də bütövlükdə Aİ üçün nəqliyyat və infrastruktur bağlılığı layihələrinin xüsusi əhəmiyyətini vurğulayaraq "Connecting Europe Facility" mexanizminin maliyyələşdirilməsinin saxlanılmasını müsbət qiymətləndirib.
Estoniyanın Baş naziri Kristen Mixal da şərq cinahının təhlükəsizliyinə və Baltikyanı ölkələrin əlaqəliliyinə əlavə investisiyaların zəruriliyini göstərərək büdcənin daha da ixtisar edilməsinin əleyhinə çıxış edib. Onun sözlərinə görə, Estoniya müdafiəyə ÜDM-in təxminən 7 %-ni yönəldir, bu da milli iqtisadiyyat üçün əhəmiyyətli yük təşkil edir. O qeyd edib ki, Rusiya regionda hibrid hücumları gücləndirir və bu da Avropa ölkələrindən təhlükəsizlik sahəsində əlavə səylər tələb edir.
Latviyanın Baş naziri Andris Kulberqs isə bildirib ki, büdcə formalaşdırılarkən təkcə təhlükəsizlik xərcləri deyil, həm də Baltikyanı dövlətlərin coğrafi mövqeyinin iqtisadi nəticələri nəzərə alınmalıdır. O, latviyalı fermerlərə dəstəyin yetərsizliyinə və kənd təsərrüfatı vəsaitlərinin daha ədalətli bölüşdürülməsinin təmin edilməsi zərurətinə diqqət çəkib. Onun sözlərinə görə, şərq cinahı ölkələri Aİ-nin xarici sərhədlərinin qorunması üçün əlavə xərclər çəkir və Avropa həmrəyliyi müvafiq maliyyə dəstəyini nəzərdə tutmalıdır.
Üç ölkənin mövqeyində Ukraynanın maliyyələşdirilməsi xüsusi yer tutur. Baltikyanı liderlər Kiyevə maliyyə və hərbi yardımın davam etdirilməsinin tərəfdarı kimi çıxış edərək bunu bütün Aİ-nin təhlükəsizliyi ilə əlaqələndiriblər.