Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib

İKT
  • 26 noyabr, 2026
  • 16:43
Naxçıvanda Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasında (MR) Regional Radiomonitorinq Stansiyası istifadəyə verilib.

"Report"un yerli bürosu xəbər verir ki, stansiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi ilə (DRİ) ilə Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlığı çərçivəsində yaradılıb.

Stansiyanın yaradılması Nazirlər Kabinetinin 2024-cü il 17 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının 8.7.1.2.4-cü bəndində nəzərdə tutulan "Dövlət Radiotezliklər İdarəsinin Naxçıvan regional məntəqəsinin yaradılması" tədbirinin icrası çərçivəsində həyata keçirilib. Stansiyanın müasir texniki və ölçü avadanlıqları ilə təchizatı, fəaliyyətinin təşkili DRİ tərəfindən təmin olunub.

Yaradılan stansiyanın əsas fəaliyyət istiqamətləri muxtar respublika ərazisində radiotezlik spektrindən və radioelektron vasitələrdən istifadəyə nəzarətin gücləndirilməsi, operativ radiomonitorinqin həyata keçirilməsi, radiotezlik istifadəçilərinin uçotunun aparılması və onların fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.