Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulmasının qadağan olunmasına dair layihə ilk oxunuşdan keçib.
"Report"un xəbərinə görə, bununla bağlı “Su təchizatı və tullantı suları haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsi şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etmədən (eləcə də tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan) tikilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı sistemlərinə (bu qanunla su təchizatı şəbəkəsinə və kanalizasiya şəbəkəsinə) qoşulmasının qadağan edilməsinin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb.
Həmin tələblərin pozulmasına görə Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Eyni məzmunlu dəyişikliklər “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara da təklif olunub.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.