Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində ölkədə keçiriləcək III MDB Oyunları üçün 30 milyon manat vəsait nəzərdə tutulub.
"Report"un məlumatına görə, dövlət büdcəsi layihəsində bədən tərbiyəsi və idmanın təşkili üçün 61,6 milyon, gənclər siyasəti xərcləri üzrə 18,4 milyon, o cümlədən növbəti ildə ümumilikdə 73 olimpiya idman kompleksinin və digər idman obyektlərinin xərclərinin ödənilməsi üçün 11 milyon manat vəsait proqnozlaşdırılıb.
Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov qeyd edib ki, ölkə iqtisadiyyatının maliyyəsini müəyyən prioritetlər istiqamətində qurmaq lazımdır:
"Gəlirlərin və xərclərin artımı arasında mütənasibliyi qorumalıyıq. Son illər təxminən ildə 13 %-dək xərc artımına getmişik. İdmana vəsait ayrılır. Dövlət bütün sahələri maliyyələşdirə bilməz. Şübhəsiz ki, bütün istiqamətlərə vəsaitin ayrılması imkanımız olsa, dövlət bunu edərdi. Bu, dünyanın ən varlı dövlətlərində belə mümkün deyil".