Milli Məclisdə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçirilib

Milli Məclisdə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçirilib Milli Məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfrans keçirilir.
Milli Məclis
13 Oktyabr , 2023 11:11
Milli Məclisdə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konfrans keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti" mövzusunda elmi-praktik konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransa Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev moderatorluq edib.

Tədbiri açan Musa Quliyev giriş nitqi ilə çıxış edib.

Konfrans iştirakçılarını salamlayan və konfransın işinə uğurlar diləyən komitə sədri qeyd edib ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub və bu çərçivədə ölkəmizin hər yerində, eləcə də respublikamızın hüdudlarından kənarda Ulu Öndərin xatirəsinə həsr edilmiş bir çox tədbirlər keçirilir. Qədirbilən xalqımız Azərbaycanın dahi oğlunun xatirəsini əziz tutur, onun Vətənimiz və millətimiz qarşısında çoxşaxəli tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayır.

Musa Quliyev qeyd edib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə hazırlanmış tədbirlər planına uyğun olaraq, parlamentin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xüsusi iclası çağırılmış və digər bir sıra tədbirlər təşkil olunmuşdur. Bugünkü konfrans da həmin silsilə tədbirlərin davamı olaraq keçirilir.

Sonra konfransda mövzu ilə bağlı təqdimatlar keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycanın uğurlu sosial dövlət modeli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzə ilə çıxış edib.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin ən böyük nəticəsinin xalqımıza bəxş etdiyi milli dövlət, daim tərəqqi edən müasir müstəqil Azərbaycan olduğunu vurğulayan Sahil Babayev bu gün Zəfər dövrünü yaşayan qalib Azərbaycan xalqının daim artan sosial rifahının əsasında da Ümummilli Lider Heydər Əliyevin müdrik, uzaqgörən və uğurlu sosial inkişaf strategiyası dayandığını bildirib.

Sahil Babayev vurğulayıb ki, bu gün sosial sahədə uğurla həyata keçirilən bir çox proqramlar, o cümlədən Azərbaycanın bu sahədə nadir təcrübəsi olan şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət hesabına mənzillərlə təminatı, onlara minik avtomobillərinin verilməsi, reabilitasiya mərkəzləri şəbəkəsinin qurulması kimi proqramlar da ötən əsrin 90-cı illərində Ulu Öndərin tapşırığı ilə başlanılıb.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı "Sosial siyasətin Heydər Əliyev modeli" adlı məruzə ilə çıxış edib.

Çıxışı slaydlarla müşayiət olunan Məlahət İbrahimqızı müasir müstəqillik tariximizdə ölkəmizin ən ağır vəziyyətində Ulu Öndər Heydər Əliyevin müdrikliyi və zəngin dühası ilə formalaşmış dövlət sosial siyasət strategiyası, onun prioritetləri, qanunverici bazası barədə geniş təqdimat edib.

Sonra Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev “Azərbaycanda sosial rifah dövləti quruculuğu və sosial siyasət prioritetləri” mövzusunda məruzə ilə çıxış edib.

O, aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində ölkəmizdə sosial dövlətin bir çox parametrləri üzrə, o cümlədən sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması kimi məsələlər üzrə əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Konfransda iştirak edən parlamentin komitə sədrləri Əhliman Əmiraslanov, Zahid Oruc, Hicran Hüseynova, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, deputatlar Jalə Əliyeva, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Elşad Mirbəşir oğlu və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, uğurla həyata keçirilən və inkişaf edən sosial siyasət kursunun əsas istiqamətləri barədə çıxış ediblər.

Konfransda deputatlar Səttar Möhbalıyev, Ziyad Səmədzadə, Əziz Ələkbərli, Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, Tamam Cəfərova, Sevinc Hüseynova, Arzu Nağıyev, Aqil Məmmədov, Milli Məclisin Aparatının müvafiq şöbələrinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri və digər şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi