“Bu gün hələ də 19 aydan çox istintaq təcridxanasında saxlanılan şəxslər var”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin yanvarın 25-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, vətəndaş istintaqa çəlb olunubsa, onun təqsirləndirilən şəxs kimi istintaq təcridxanasında saxlanmasının müddəti var: “Cinayət qanunvericiliyində bu müddət 13 aydır. Əgər şəxs ağır cinayət hadisəsi törədibsə bu halda həmin məhkəmə qurumu 6 ay möhlət istəyə bilər. Sovet dövründə cəmi 6 aya şəxslə bağlı ya hökm çıxarılmalı idi, ya da azadlığa çıxmalı idi. İndi isə 19 aydan çox istintaq təcridxanasında saxlanılan şəxslər var. Bu necə ola bilər?! Bu, vətəndaşın azadlıq hüququn pozulması deməkdir. Belə nümunələr çoxdur. Vətəndaş bilmir ki, real olaraq günahkardır yoxsa yox. Birdən sabah sübut olunur ki, vətəndaşın həmin məsələdə hər hansı günahı yoxdur. Bütün bunları nəzərə alaraq cinayət qanunvericiliyinin icra vəziyyətinə dair dinləmələrin keçirilməsi komitəmizin yaz sessiyası üçün iş planına məsələ daxil edilib”.