Azərbaycanın diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunması nəzərdə tutulan məhdudiyyətlərin siyahısı açıqlanıb.
“Report”un məlumatına görə, bu, yeni hazırlanan "Diplomatik xidmət haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.
Layihədə həmçinin vurğulanıb ki, xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur.