Deputatlar valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişikliyi qəbul ediblər.
"Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişiklik layihəsinə əsasən, Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir: “Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür”.
Məcəllənin hazırkı bəndi isə belədir: “Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir”.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.