“XXI əsrdə ayrı-ayrı beynəlxalq təşkilatlar və fondlar tərəfindən insanların, xüsusilə gənc nəslin beyinlərinin yeyilməsi üçün xüsusi qruplar fəaliyyət göstərir. Azərbaycanın daxilində də belə qurumlar var və bu istiqamətdə işlər görürlər”.
"Report" xəbər verir ki, bunu parlamentin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, həmin qruplar dövlətə və dövlətçiliyə qarşı çox xain mövqe tutublar:
“Belə ki, 5-ci kolonun nümayəndələrinin bu istiqamətdə işləri göz qabağındadır. Hesab edirəm ki, yerlərdə Gənclər və idman idarəsinin, Heydər Əliyev mərkəzlərinin yaxud gənclər mərkəzinin nəzdində icra hakimiyyəti nümayəndəliyindən və bələdiyyələrdən müavinət alan gənclər yetişdirməliyik. Bu, həm də ölkəmizdə kadr potensialının artmasına xidmət edəcək. Həmin şəxslər bölgədə olan gənclərə dövlətimizin, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi, təşəbbüsü ilə keçirilən layihələr, işlər barədə daha geniş məlumatlar verə bilərlər. Hesab edirəm ki, bu məsələ bu günün ən aktual mövzularından biridir”.