Azərbaycanda xarici mənbələrdən alınan informasiyaların yayılmasına dair tələblər müəyyənləşib.
"Report"un xəbərinə görə, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan vətəndaşlarının və Azərbaycanın hüquqi şəxslərinin xarici mənbələrdən, o cümlədən xarici media subyektlərindən birbaşa məlumat əldə etmək hüququ vardır.
Azərbaycanda yerüstü yayım üçün nəzərdə tutulmuş radiotezliklərdən istifadə olunmaqla xarici televiziya və radio proqramlarının yayımlanmasına Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir.
Redaksiyasının daimi yeri Azərbaycanın hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılmasına Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. Bu müqavilələrdə xarici çap mediası məhsulunun yayılması qaydası nəzərdə tutulmadıqda bu məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.