Bakı. 9 noyabr. REPORT.AZ/ Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə Göygöldə səfərdə olub.
"Report" xəbər verir ki, PJB-nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan səfər zamanı jurnalistlər əvvəlcə Göygöl rayonunun mərkəzində yerləşən Bayraq Meydanını ziyarət ediblər. Bayraq meydanında 50 metr yüksəkliyə qaldırılmış dövlət bayrağı rayonun hər yerindən aydın görünür.
Daha sonra jurnalistlər cəbhə xəttinin yaxınlığındakı kəndlərə gedərək orada bayraq aksiyası keçiriblər. PJB üzvləri sakinlərə kiçik ölçülü dövlət bayraqları paylayarkən, onlara Azərbaycanın dövlət bayrağının yaranma tarixi və bayrağımızdakı rənglərin mənası barədə suallar ünvanlayıblar. Onların arasında orta məktəb şagirdləri üstünlük təşkil edib. Jurnalistlər onlara Azərbaycanın üç rəngli, ay ulduzlu bayrağının 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradıldığını və bayrağın üzərindəki mavi rəngin türkçülüyün, qırmızı rəngin müasiriliyin, yaşıl rəngin isə islamın rəmzi olduğunu çatdırıblar.
Düşmənlə təmas xəttdə yaşayan göygöllülər bildiriblər ki, onlar Azərbaycan bayrağının tezliklə əsgərlərimizin işğaldan azad edəcəyi torpaqlarımızda – Kəlbəcərdə, Laçında, Xankəndində və digər rayonlarımızda dalğalanmasını gözləyirlər.
İki günlük səfərin sonunda PJB üzvləri Göygöl Milli Parkında olub, bayramı orada qeyd ediblər.