İqtisadiyyat Nazirliyində bir sıra televiziya işçiləri və nazirliyin nümayəndələrinin iştirakı ilə 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Gününə həsr edilmiş tədbir keçirilib.
“Report” nazirliyə istinadən xəbər verir ki, tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev müasir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın müxtəlif sahələrə, o cümlədən medianın inkişafına münbit zəmin yaratdığını qeyd edib. Mediaya müxtəlif dövlət dəstəyi tədbirlərinin, qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, televiziya və radio xalqımızın mədəniyyətini, ictimai-siyasi həyatını, qazandığı nailiyyətləri yerli və beynəlxalq auditoriyaya təqdim edir, dünyanın mədəniyyət elm, təhsil nümunələrini Azərbaycan izləyicisinə çatdırır. O cümlədən, iqtisadiyyatın müxtəlif sahələrinin, həmçinin özəl sektorun inkişafında, cəmiyyətin, sahibkarların bu yöndə maarifləndirilməsində televiziya və radio işçilərinin mühüm töhfələri, böyük zəhməti var.
E.Əliyev İqtisadiyyat Nazirliyi adından bu sahədə əməyi olan bütün teleradio işçilərinə təşəkkürünü ifadə edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə televiziya əməkdaşları dövlət tərəfindən medianın inkişafına göstərilən dəstəyin jurnalistlər və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini, ölkəmizin sosial-iqtisadi inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını bildiriblər.
Tədbirdə iqtisadiyyatla bağlı keyfiyyətli süjet, xəbər və verilişlərin ərsəyə gəlməsində yaradıcılıqları və təşəbbüsləri ilə fərqlənən bir sıra televiziya işçiləri nazirliyin Fəxri fərmanı ilə təltif olunub, onlara xatirə hədiyyəsi təqdim edilib.
Hədiyyələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən ənənəvi İncəsənət Mərkəzinin ən füsunkar milli ornament elementlərindən olan nar əsasında işlənmiş unikal sənətkarlıq nümunələrindən ibarət olub. Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə əməkdaşlığın nəticəsi olaraq 2012-ci ildən fəaliyyət göstərir.