Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, yerli və xarici təlimçilərin iştirakı ilə “Jurnalistikada konvergensiya” və “Mediada rəqəmsal imkanlar” mövzularında 2 moduldan ibarət “İnnoMEDİA” layihəsinin açılış mərasimi keçirilib.
“Report”un xəbərinə görə, açılış mərasimində çıxış edən Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, rəqəmsal alətlərdən istifadə edərək səmərəli ünsiyyətin qurulması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, rəqəmsal transformasiya, ümumilikdə isə rəqəmsal qloballaşma prosesləri fonunda dünyada müxtəlif trendlərin mövcudluğu gənclərin yeni media mühitini anlaması və bilik və bacarıqlara yiyələnməsini vacib edir.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində təşkil olunan proqramın ilk təlimində "ASAN Radio"nun direktoru Emin Musəvi “Ənənəvi və rəqəmsal mediada jurnalistika” mövzusunda çıxış edib. O, təlim zamanı qeyd edib ki, texnoloji təkamülün media mühitinə kompleks təsiri və ənənəvi media məzmunlarının rəqəmsal formaya inteqrasiyası medianın təsir dairəsini genişləndirmiş və bu onu ictimai platformaya çevirmişdir.
Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Dekabrın 24-nə qədər 50 nəfərə yaxın gəncin iştirakı ilə davam edəcək “İnnoMEDİA” layihəsinin əsas məqsədi jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsi, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, şəbəkələşmə mühitinin üstünlüklərindən yararlanaraq kommunikasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi, rəqəmsal media ekosisteminin inkişafına töhfə verilməsidir.