Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər

Fərdi
  • 04 noyabr, 2026
  • 21:17
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər

Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında mübarizə aparırlar.

Azərbaycan Gimnastika Federasiyasından "Report"a verilən məlumata görə, mundialda ölkəmizi batut gimnastikası üzrə qarışıq sinxron proqramda 2026-cı il Dünya kuboku seriyasının qalibləri Selcan Mahsudova və Maqsud Mahsudov, kişi sinxron proqramında isə eyni titula sahib olan Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil edirlər.

Selcan Mahsudova və Maqsud Mahsudov həmçinin fərdi proqramda da öz bacarıqlarını nümayiş etdirəcəklər.

Tamblinq üzrə millinin heyətində isə komanda hesabında ikiqat dünya çempionları Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov yer alırlar. Təcrübəli gimnastlar həm fərdi, həm də komanda yarışlarında növbəti uğurlarını qazanmaq əzmindədirlər.

Qeyd edək ki, Aleksey Karataşov ilk dəfə böyüklər arasında dünya çempionatında debüt edir.

Çempionatın ilk təsnifat günü Azərbaycan gimnastları üçün uğurlu nəticələrlə yadda qalıb. Batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 50.250 xal toplayaraq yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Tamblinq üzrə təmsilçilərimiz də inamlı çıxışları ilə fərqləniblər. Tofiq Əliyev 59.500 xalla təsnifat mərhələsini lider kimi tamamlayaraq növbəti mərhələyə yüksəlib. Mixail Malkin isə 57.100 xalla dördüncü pillədə qərarlaşaraq ikinci təsnifat mərhələsində iştirak etmək hüququ əldə edib.

Komanda yarışlarında da gimnastlar uğurlu nəticəyə imza atıblar. Tamblinq üzrə yığma ümumilikdə 87.200 xal toplayaraq sıralamanın 1-ci pilləsindən final mərhələsinə vəsiqəni təmin edib.

Noyabrın 5-də isə batut gimnastikası üzrə fərdi proqramlarda mübarizəyə start veriləcək. Selcan Mahsudova və Maqsud Mahsudov bu dəfə fərdi çıxışları ilə ölkəmizi təmsil edəcəklər.

Dünya çempionatına noyabrın 8-də yekun vurulacaq.

44 filmi