Rusiyanın “İnfo24.ru” saytı Azərbaycan Prezidenti İlham Əliyevin 20 illik hakimiyyəti dövrü ilə bağlı geniş məqalə yayımlayıb.
“Report” xəbər verir ki, məqalədə İlham Əliyevin həyata keçirdiyi mühüm işlər və əldə edilmiş uğurlar, eləcə də dövlətimizin başçısının rəhbərliyi dövründə ölkəmizin müxtəlif sahələrində görülmüş işlər, həyata keçirilmiş mühüm infrastruktur layihələri barədə ətraflı danışılıb.
Yazıda, eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanıldığı, İlham Əliyevin rəhbərliyi altında torpaqların işğaldan azad edildiyi, hazırda Qarabağla yanaşı Şərqi Zəngəzurda görülən genişmiqyaslı işlər haqqında məlumat verilib.
Dərc olunmuş məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əsasını neft və qaz resursları təşkil edən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığı bildirilib.
Yazıda Azərbaycanın müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlət olduğunu qeyd edilib. Nəşrə müsahibə verən politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov, tarix elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin Postsovet məkanında beynəlxalq əlaqələr kafedrasının dosenti Niyazi Niyazov, Yaxın Şərq-Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Stanislav Tarasov və politoloq Yevgeni Mixaylov bildiriblər ki, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirən, xarici ölkələr və beynəlxalq təşkilatlar ilə bərabərhüquqlu əməkdaşlıq quran Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi özünü doğruldub.
Qeyd olunub ki, çoxsaylı beynəlxalq tədbirlərin - siyasi, iqtisadi, mədəni-humanitar forumların, idman yarışlarının, elm, təhsil və hərbi sahələrdə sərgilərin, toplantıların keçirilməsində dünya ictimaiyyəti Azərbaycana böyük etimad göstərib.
Vurğulanıb ki, Azərbaycan lideri İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri ölkənin qəhrəmanlıq tarixinə həkk edilib. Otuz ilə yaxın işğal altında qalmış Azərbaycan torpaqları 44 gün ərzində işğaldan azad olunub.