"Hüquqi məsuliyyəti dərk etsək, "reket jurnalistika"nın kökünü kəsə bilərik" - RƏY

"Hüquqi məsuliyyəti dərk etsək, "reket jurnalistika"nın kökünü kəsə bilərik" - RƏY “Azərbaycan milli mətbuatı və informasiya məkanı Azərbaycan dövlətinin və cəmiyyətinin informasiya təhlükəsizliyini təmin edən əsas ictimai-siyasi institutdur. 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan mətbuatı bütün imkanlarını səfərbər
Media
28 İyul , 2022 15:43
Hüquqi məsuliyyəti dərk etsək, reket jurnalistikanın kökünü kəsə bilərik - RƏY

“Azərbaycan milli mətbuatı və informasiya məkanı Azərbaycan dövlətinin və cəmiyyətinin informasiya təhlükəsizliyini təmin edən əsas ictimai-siyasi institutdur. 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan mətbuatı bütün imkanlarını səfərbər edərək cəmiyyətdəki ictimai münasibətlərin sağlamlaşmasına xidmət etdi”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Babaoğlu deyib.

O xatırladıb ki, Azərbaycanda media sahəsində çox ciddi işlər görülüb:

"Müxtəlif islahatlar aparılıb, yeni qanunlar qəbul edilib. Çox təəssüf ki, bəzi hallarda informasiyanın manipulyasiyası ilə əlaqədar fərqli nümunələr də gördük. Bunlar, əlbəttə, yolverilməzdir. Ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən mediada aparılan islahatlar çox dərindir".

Deputat həmçinin Azərbaycanın informasiya məkanının keyfiyyətinə təsir edən təxribatların artdığını vurğulayıb. Onun sözlərinə görə, bu prosesdə iştirak edən bütün subyektlər ictimai qınağa məruz qalmalıdır:

"Elə etmək lazımdır ki, mətbuatımızın nailiyyətləri gözdən düşməsin və buna çalışan qüvvələr öz məqsədlərinə çata bilməsinlər. Mətbuat kifayət qədər böyük gücdür və informasiya təhlükəsizliyimizi qoruyan institut kimi belə hallara qarşı mübarizədə səmərəli nəticə əldə edə biləcək potensiala malikdir".

H.Babaoğlu bildirib ki, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı Azərbaycan cəmiyyəti üçün prioritetdir:

"Bu azadlıqların çox ciddi konstitusion əsasları var. Eyni zamanda hər bir informasiya mənbəyi, hər bir informasiya daşıyıcısı hüquq qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hər bir informasiya daşıyıcısı, informasiyanı manipulyasiya etmək istəyən hər bir şəxs başa düşməlidir ki, bunun hüquqi məsuliyyəti var. Deməli, hüquqi məsuliyyət yaradan addımlarla bağlı cəza tədbirləri də görülə bilər. Bu məsuliyyəti dərk etsək, "reket jurnalistika"nın kökünü kəsə, informasiyanı manipulyasiya aləti kimi istifadə etmək istəyənlərə qarşı uğurlu mübarizə apara bilərik".

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə və elektron mediada informasiyalardan cəmiyyət arasında süni ajiotaj yaratmaq məqsədilə istifadə hallarına da rast gəlinir. Bəziləri reketliklə məşğul olaraq jurnalistikanın “cəmiyyətin güzgüsü”, “IV hakimiyyət” statuslarına zərbə vururlar. Müxtəlif sənədlərdə, o cümlədən "Media haqqında" qanunda da bu barədə tədbirlər nəzərdə tutulub. Həmin insanlara qarşı qanunvericilik çərçivəsində mübarizə aparılması həm medianın, həm də cəmiyyətin dezinformasiyalardan qorunmasını təmin edir.

Son xəbərlər

Orphus sistemi