Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Parlament Jurnalistləri Birliyi (PJB) Türkiyə mediasına müraciət edib. “Report”un xəbərinə görə, müraciətdə xatırladılıb ki, üç gündür Ermənistan ordusu işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir.
Əslində Ermənistan bununla Azərbaycana əzələ nümayiş etdirmək istəyir. Bu təlim zamanı Ermənistan ordusuna məxsus hərbi helikopter Azərbaycanın kəndlərini atəşə tutub, Azərbaycan hərbçiləri müdafiə olunaraq helikopterlərdən birini məhv edib.
“Çox təəssüf ki, bu məsələ qardaş Türkiyə mediasında yanlış şəkildə yer alıb. Ermənistana aid hərbi helikopterin Azərbaycan ərazisinə keçməsinin səbəbi jurnalistlərə nədənsə təəccüblü gəlməyib. Türkiyənin aparıcı TV-lərində, xüsusən də CNNTURK və HABERTURK telekanallarında Azərbaycanın işğal edilmiş Qarabağ ərazisinin az qala müstəqil bir ölkə kimi göstərilməsi isə biz jurnalistlərdə böyük təəssüf hissi doğurur. Biz jurnalistik və bütün məsələlərə jurnalist kimi doğru yanaşmalıyıq. Dünyanın heç bir ölkəsinin tanımadığı separatçı bir qurumu Türkiyə telekanallarının bu şəkildə təqdim etməsi yolverilməzdir. Azərbaycan bu kimi məsələlərlə bağlı ayrı-ayrı ölkələrin telekanallarına dəfələrlə etiraz edib. Və sonda qarşı tərəf Azərbaycandan üzr istəyib. Biz həmin telekanalların bu hərəkətini Azərbaycana qarşı, Azərbaycanın müstəqilliyinə qarşı təxribat kimi qiymətləndiririk. Hesab edirik ki, Azərbaycanın milli maraqlarına qarşı çıxmaq elə Türkiyənin də milli maraqlarına qarşı çıxmaq deməkdir. Biz jurnalistlər ölkələrimizin daha da yaxınlaşmasına xidmət etməliyik. Bunun əksini Ermənistan istəyir. Biz Türkiyənin media təmsilçilərindən xahiş edirik ki, Azərbaycanla bağlı məsələlərdə düzgün, həqiqətə uyğun məlumatlar versinlər. Əgər Azərbaycanla bağlı yanlış məlumatlar bilərəkdən yayınlanırsa, bu, artıq dostluq, qardaşlıq məsələsinə sığmır. Bunu Türkiyədəki jurnalistlər özləri araşdırmalıdırlar. Yox, əgər belə məlumatlar bilməyərəkdən verilirsə, demək ki, Türkiyədəki jurnalist həmkarlarımız Azərbaycanla bağlı doğru bilgiyə malik deyillər. Hər iki halda belə məlumatları yayınlayanlar qınanılmalıdır. Türkiyədəki məsləkdaşlarımızdan Azərbaycanla bağlı məsələlərdə dostluq, qardaşlıq, həqiqət istəyirik. Biz Türkiyəyə yönəlik addımlarımızda bunları əsas tuturuq”, - deyə birliyin müraciətində vurğulanıb.