Zəfər Günü ilə əlaqədar Lənkəranda “Şəhid bayrağı” adlı yeni tamaşanın premyerası keçirilib.
“Report”un Cənub bürosunun məlumatına görə, yazıçı-dramaturq Qafar Cəfərlinin "Şəhid bayrağı" pyesi əsasında hazırlanan eyniadlı tamaşa, 44 günlük Vətən müharibəsində şanlı zəfər yolundan bəhs edir.
Əsər rejissor Emil Əsgərovun quruluşunda səhnələşdirilib. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşa böyük həyəcanla izlənilib.
Tamaşada rolları Əməkdar artist Sücəddin Mirzəyev, Prezident mükafatçısı Aynur Əhmədova, Miraslan Ağayev, Allahverən Babayev, Təranə Fərəcova və digərləri ifa ediblər.
Qeyd edək ki, əsərin müəllifi Qafar Cəfərli uzun illər polis orqanlarında çalışıb, I Qarabağ Müharibəsinin iştirakçısıdır. Hazırda Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədridir.