"Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimi keçirilib

"Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimi keçirilib Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimi keçirilib.
Mədəniyyət siyasəti
4 Dekabr , 2024 17:50
Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının bağlanış mərasimi keçirilib.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, tədbirdə Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan və digər rəsmilər çıxış ediblər.

A.Kərimov ermənilərin Azərbaycan ərazisində törətdiyi dağıntılardan söz açıb:

"Bunun bərpası üçün enerji, sərmayə və güc lazımdır. Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetində hazırda tələbələr təhsil alırlar. Bu, dövlət başçısının gənclərə və təhsilə göstərdiyi qayğının tərənnümüdür".

F.Qayıbov fəal iştiraka görə müsəlman ölkələrindən gələn gənclərə təşəkkür edib:

"Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu cür tədbirin keçirilməsi qürurvericidir. Belə tədbirlərin davamlı olmasını arzulayırıq. Ölkəmiz bu il ərzində bir sıra nüfuzlu beynəlxalq tədbirlərə, o cümlədən COP29 kimi mötəbər qlobal konfransa yüksək səviyyədə ev sahibliyi edib".

Nazir İlham Əliyevin hər bir sahəyə olduğu kimi, gənclərə də qayğısının yüksək səviyyədə olduğunu qeyd edib.

T.Ayhan 2015-ci ildən bəri İƏT Gənclər Paytaxtı proqramının müsəlman dünyası üzrə gənc liderləri gücləndirən mühüm bir platformaya çevrildiyini vurğulayıb:

"Bu il Şuşa bu irsi davam etdirərək gənclərimizə liderlik etməyə, innovasiya yaratmağa və cəmiyyətlərinə əhəmiyyətli töhfələr verməyə imkan yaratdı".

O, gəncləri birlikdə çağırışları imkanlara çevirməyə sülh, tərəqqi və ortaq rifahla səciyyələnən bir gələcək yaratmağa çağırıb.

Sonda "Gənclər Paytaxtı"nın simvolik açarı şuşalı gənclər tərəfindən Mərakeş rəsmilərinə təqdim edilib. Bununla da "İƏT Gənclər Paytaxtı" Gənclər Forumunun gələn il Mərakeşdə keçiriləcəyi elan olunub.

Üç gün davam edən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak ediblər.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan, gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən bir şəhəri “Gənclər Paytaxtı” seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu. Prezident İlham Əliyev 2024-cü il aprelin 17-də “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdı.

Son xəbərlər

Orphus sistemi