“Yaxşı olardı ki, Konservatoriyaya yüksək savada və təhsilə sahib olanlar müraciət etsinlər”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, musiqi sahəsində uzun illərdir həll olunmamış problemlər var: “Musiqi təhsilinə çox böyük önəm verməliyik. Doğrudur, Konservatoriyanın musiqi məktəblərindən kənarda olması, başqa quruma tabe olması bir balaca problem yaradır. Amma çox yaxşı olardı ki, Konservatoriyaya təhsil almağa gələnlər yüksək savada və biliyə malik olsunlar”.
O qeyd edib ki, hazırda çox istedadlı gənc ifaçılar var və onlara dəstək olmaq lazımdır: “Təəssüf ki, onların təhsil alıb bitirdikdən sonra iş problemləri meydana gəlir. Azərbaycanda musiqiçilərin durumundan danışsaq, görərik ki, onlar iş baxımından problem yaşayır. Əgər normal yaşayan musiqiçilər varsa, onlar toydan qazananlardır. 10 min musiqiçidən 100-300 nəfəri toya gedir. Qalanlarının isə problemi qalmaqdadır”.