Məsələ Azərbaycan, bütövlükdə türk mədəniyyətinə gələndə, bəzi beynəlxalq qurumlar ikili standartlar tətbiq edirlər.
"Report"un xəbərinə görə, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonrakı proseslərdə də aydın görünür:
"Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra bəzi beynəlxalq qurumlar birdən-birə oradakı erməni abidələrinin durumu ilə maraqlanmağa başladılar. Bu siyasi oyunların bir hissəsidir. Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və həmişə də belə olacaq. Oradakı mədəniyyət də Azərbaycana, xalqımız məxsusdur. Biz heç kimin mədəni abidələrinə, mirasına xor baxmırıq. Bütün mədəni abidələri olduğu kimi qoruyur, bərpa edirik. Azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpa edilməsi də göstərir ki, biz bütün xalqların mədəni irsinə hörmətlə yanaşırıq. Qarabağda aparılan bərpa-quruculuq işləri, oradakı mədəni abidələrin bərpası da bunun sübutudur".