Qaxda məşhur "Ulu körpü"də aşınmalar yaranıb

Qaxda məşhur "Ulu körpü"də aşınmalar yaranıb Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrdən biri Ulu körpüdür.
Mədəniyyət siyasəti
13 Oktyabr , 2022 14:44
Qaxda məşhur Ulu körpüdə aşınmalar yaranıb

Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələrdən biri olan "Ulu körpü"də aşınmalar yaranıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, körpü dağlar qoynunda yerləşən İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınıb.

Ulu körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilib. Kürmük çayının gətirdiyi sel-sularına sinə gərən bu körpü çayın yatağının daraldığı yerdə, sal qayalar üzərində çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən inşa edilib. Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir.

Ulu körpünün inşa tarixi barədə irəli sürülən mülahizələrə görə, körpü İlisu sultanlığının mərkəzinə çevrildikdən sonra tikilib. Tağbəndin hörgüsündə istifadə olunan kərpic körpüdən bir qədər yuxarıda, Kürmük çayının sol sahilində, İlisu kəndinin ərazisində yerləşən və XVII-XVIII əsrlərə aid edilən "Sumuq qala" adı ilə tanınan müdafiə qülləsinin tikintisində işlənən tikinti materialı ilə eynilik təşkil edir. Körpünün yan divarları daşdandır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izləri aydın görünür.

İlisu Dövlət Tarix Memarlıq Qoruğunun Direktoru Azər Qocayev "Report"un yerli bürosuna bildirib ki, ulu körpünün başqa bir özəlliyi isə həmin dövrdə bərk materialdan inşa edilməsidir:

"Bu material həm də qida kimi istifadə etdiyimiz yumurta sarısıdır. Ulu Körpünü hər il minlərlə turist ziyarət edir. İstər yerli, istərsə də xarici turistlər bu gözəl abidəyə səfər edir. Deyilənlərə görə, 1844-cü ilin iyununda çar Rusiyasının qoşunları İlisuya hücum edərkən sonuncu İlisu hakimi Danyal Sultan Ulu körpünü dağıtmaq fikrindən daşınıb. Körpünün dağıdılması bəlkə də rus qoşunlarının uğursuzluğuna səbəb ola bilərdi. Rus tarixçiləri Danyal Sultanın bu hərəkətinə heç cür qiymət verə bilməyərək, sadəcə təəccüblənib. Ulu körpü İlisu sultanlığını düzənlik ərazilərlə birləşdirən yeganə körpü idi. Danyal Sultan bu qərarı verməsəydi, körpü uçurular, kəndin əhalisi çətinlik çəkərdi. Bəlkə də, sultan el sənətkarlarının yaratdığı bu nadir abidəni uçurmağa qıymayıb. Digər ehtimala görə, körpü dağılsa belə, rus qoşunlarının kəndi tutacaqlarına əmin olduğundan onu uçurmaqdan çəkinib".

Qeyd edək ki, hazırda Ulu körpü tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Son xəbərlər

Orphus sistemi