Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirləri çərçivəsində iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərləri davam edir. Bu çərçivədə iyunun 21-də Azərbaycan Dövlət Kukla Teatrının kollektivi Şabran və Quba rayonlarına səfər edəcək.
Bu barədə "Report"a Teatrın mətbuat xidmətindən məlumat verilib.
Yaradıcı heyət hər iki rayonun mədəniyyət sarayında balaca teatrsevərlər üçün repertuarlarındakı baxımlı səhnə nümunələrindən olan “Gözəl və Bədheybət” tamaşasını təqdim edəcək.
Madam Leprens De Bomonun məşhur əsəri əsasında hazırlanan eyniadlı səhnə işinin quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Cahangir Zülfüqarovdur.
Tamaşada rolları teatrın aparıcı aktyorları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Rəhim Rəhimov, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov, Ülviyyə Əliyeva və Könül Nəsibova ifa edirlər.
Birhissəli uşaq tamaşasında fərqli texnikalarda hazırlanmış kuklalardan, eləcə də canlı planda kukla oyunu sintezindən istifadə olunur.
Musiqi və xoreoqrafik elementlərlə zəngin səhnə əsərində bir qızın timsalında xoş rəftar və daxili gözəlliyin bütün maneələri aşması nümayiş etdirilir.
Bu nümunə vasitəsilə uşaqlara zahiri gözəlliklə yanaşı, səbir və ədalət hissinin də hər məqamda ən yaxın yol yoldaşı olduğu göstərilir.