Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdindəki Respublika İncəsənət Gimnaziyasının şagirdləri Gürcüstanın paytaxtı Tbilisidə tamaşa-konsert proqramı ilə çıxış ediblər.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210-cu illiyinə həsr olunan tədbir görkəmli ədibin adını daşıyan Azərbaycan Mədəniyyəti Mərkəzində baş tutub.
Gimnaziyanın Teatr şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Hicran Sadıqzadə çıxış edərək M.F.Axundzadənin zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatının inkişafındakı böyük rolu və xidmətlərindən danışıb. O qeyd edib ki, Azərbaycanda milli teatrın yaranması və inkişafı da bilavasitə onun adı ilə bağlıdır.
Tədbir çərçivəsində M.F.Axundzadənin əsərləri əsasında hazırlanmış “Hacı Qara”, “Lənkəran xanının vəziri”, “Dərviş Parisi partladır” tamaşalarından parçalar nümayiş etdirilib.
Tamaşaçılara gimnaziyanın məzunu, AMK-nin tələbəsi, prezident təqaüdçüsü Nihad Orucov və əməkdar artist Firuzə İbadovanın ifasında bəstəkar mahnıları da təqdim olunub. İfaçıları pianoda AMK-nin dosenti, Əməkdar müəllim Naibə Şahməmmədova müşayiət edib.
Proqrama gimnaziyanın şagirdlərinin ifasında “Cəngi” xalq rəqsi ilə yekun vurulub. İzləyicilər tamaşa-konserti böyük maraq və alqışlarla qarşılayıblar.
Gimnaziyanın direktoru Aytən Əhmədova müəllim və şagirdlərin hazırlanan proqrama məsuliyyətlə yanaşdığını bildirib: “Tbilisidə böyük ədibimizin adını daşıyan mədəniyyət ocağında onun komediyaları əsasında hazırlanmış tamaşalardan parçalarla çıxış etmək şagirdlərimizin məsuliyyətini ikiqat artırıb. Proqram ilk növbədə maarifləndirici məqsəd daşıyıb. Biz çalışmalıyıq ki, gənclərimiz Mirzə Fətəli Axundzadənin yaradıcılığından kənarda qalmasınlar, onun irsini öyrənsinlər”.
O, tamaşa-konsert proqramının keçirilməsinə yaradılan imkan və şəraitə görə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib.