Dünyanın məşhur televiziyalarından olan “Euronews” Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri, xalq sənətkarları, özünəməxsus adət-ənənələri, gözəl təbiəti ilə tanınan Lahıc qəsəbəsi barədə reportaj hazırlayıb.
“Report” xəbər verir ki, reportajda qəsəbənin Niyal dağ silsiləsinin ətəyində yerləşdiyi vurğulanır.
Qeyd edilir ki, dar daşlı səkilər, çayların dibindən çıxarılan daşlardan tikilmiş evlər, sənətkarlıq emalatxanaları - burada ötən əsrdə burada çox az şeyin dəyişdiyini göstərir.
Lahıc bir neçə əsrdir ki, sənətkarlar məkanı kimi tanınır: “Şəhər dəri emalı və xalçaçılıqla məşhurdur. Ancaq ən böyük şöhrəti mis ustaları ona bəxş ediblər. Yüksək sənətkarlıqdan hazırlanmış mis qablar kəndin simvoluna çevrilib”.
Reportajda habelə Lahıcdakı 3 əsrə yaxın yaşı olan qədim emalatxanadan, metallurgiyanın qədim növü olan mis emalından, müxtəlif mis qabların hazırlanmasından bəhs olunur. Qeyd edilir ki, Lahıcda hazırlanan qab-qacaqlar dünyanın ən məşhur muzeylərində, o cümlədən Luvr muzeyində sərgilənir. Bu qab-qacaqlara Azərbaycanın özündə yüksək tələbat var.
Lahıc tarix diyarşünaslıq muzeyinin direktoru Kamal Əliyevin sözlərinə görə, qəsəbədə misin emalı bir neçə yüzillik tarixə malikdir: "Biz dəqiq bilirik ki, burada artıq XI əsrdə qab-qacaqlar istehsal edirdilər, arxeoloqlar ölkənin müxtəlif hissələrində orta əsrlərlərdə Lahıcda kəsilmiş mis sikkələr aşkarlayıblar.
Reportajda qeyd edilir ki, Lahıcın misgərlik sənəti 2015-ci ildə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına salınıb.