Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün memorial xatirə lövhəsi hazırlanıb.
Bunu "Report"a açıqlamasında lövhənin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib.
Onun sözlərinə görə, lövhə sənətçinin Şuşadakı ev muzeyinin qarşısına vurulacaq: "Xatirə lövhəsinin üzərində Bülbülün həmin evdə doğulub, yaşaması barədə məlumatlar əks olunub. Lövhə artıq qəlibdədir. İyunun əvvəlində Şuşada lövhənin açılışı nəzərdə tutulub".
Bülbülün ev muzeyinin qarşısındakı heykəlini hazırlayan rəssam, heykəltaraş Aslan Rüstəmov isə "Report"a bildirib ki, artıq heykəl qranitin yonulması mərhələsindədir: “Heykəl iyunun 27-də Şuşaya aparılacaq. Biz də gedib orada quraşdıracağıq”.
Qeyd edək ki, iyulun əvvəlində Şuşada Bülbülün ev muzeyinin açılışı gözlənilir.