İSESKO Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb
- 27 oktyabr, 2026
- 15:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi İSESKO-nun İslam Dünya İrsi Siyahısına daxil edilməsinə görə mükafatlandırılıb.
"Report" xəbər verir ki, mükafatı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Səlim bin Məhəmməd əl-Malik Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyada təqdim edib.
Mükafatı Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov qəbul edib.
ISESKO-nun baş direktoru çıxışında müharibə bitdikdən sonra ilk dəfə Azərbaycana səfəri və Qarabağda aparılan işlər barədə danışıb:
"Biz 7-8 nəfərlik nümayəndə heyəti ilə azad olunmuş ərazilərə səfər etmişdik. Heyətin içində Fransa, Kolumbiya və digər ölkələrdən nümayəndələr var idi. Hətta bizə deyilmişdi ki, çox kənar hissələrə ayaq basmayaq, çünki ərazi minalanıb. Buna baxmayaraq, biz işimizi gördük və hesabat hazırladıq. Daha sonra hesabat Prezident İlham Əliyevə təqdim olundu".
Səlim bin Məhəmməd əl-Malik Azərbaycanın işğaldan sonra apardığı quruculuq işlərini də təqdir edib:
"Biz həmin ərazilərin necə dağılmış vəziyyətdə olduğunu görmüşdük. Həmin yerlərin illər keçdikcə sürətlə abadlaşdırılması təqdirə layiqdir".