“Hanı son illərin Qara Qarayevi, Üzeyir Hacıbəyovu, Tahir Salahovu?”
“Maddi maraqlar əsasında çəkilən filmlər millətin zövqünə böyük zərbə vurur”. Bunu “Report”a müsahibəsində kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib. Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan kinosunu necə səciyyələndirirsiniz?
- Bu gün Azərbaycan kinosunun üzərinə böyük məsuliyyət düşür. Lakin mən kino sahəsinə cavabdeh olan və bu sahədə fəaliyyət göstərən insanların bunu nə qədər dərk etdiyini bilmirəm. Çünki biz həqiqətən də tarixi bir dövr yaşayırıq. Hələ müstəqilliyimizi bərpa edəndə elə bil millət kimi yenidən dünyaya göz açırdıq, məhz indi, böyük qələbəmizdən sonra da sanki yenidən dünyaya göz açdıq.
Mən işimlə əlaqədar 90-cı illərin əvvəllərindən bu günə qədər tez-tez xarici ölkələrdə səfərdə oluram, festivallarda iştirak edirəm. Son iki-üç ildə bizə qarşı münasibətin necə dəyişdiyinin şahidi olmuşam. Bütün bunları düzgün qiymətləndirmək lazımdır. Azərbaycan kinosunun çiyinlərinə sözügedən məsələlərlə əlaqədar yük düşür. Xalqın psixologiyası, qələbənin qazanılmasına doğru aparan yol, hansı hisslərin keçirilməsi, Daşaltı kəndi ilə Şuşa şəhəri arasında yerləşən sıldırım qayalıqları yalın əllə qalxan igidlərimiz, birliyimizdən doğan güc, həmin iradə və sairin hər biri ekrana gətirilməlidir. Bir sözlə, kinomuz xalqımıza xeyli borcludur.
- Bugünkü kinomuz sizi nə qədər qane edir?
- Qətiyyən qane etmir... Yuxarıda qeyd etdiyim fikirlərə bir daha qayıtmaq istəmirəm, lakin hesab edirəm ki, Azərbaycan kinosunun görməli olduğu çox iş var. Fikrimcə, milli kinonun inkişafı maddi maraqlara əsaslanmamalıdır. Çünki maddi maraqlara əsaslanan filmlər göz önündədir. Əfsuslar olsun ki, bunlar millətin zövqünə böyük zərbə vuran filmlərdir. Digər bir məsələ də festival üçün çəkilən kinolardır. Lakin kinonun inkişafı üçün hər iki yanaşma ölçü olmamalıdır.
30 il ərzində bizi çox az ölkə dəstəklədi. Hamı gözlədi ki, nəsillər keçsin xalqımız torpaqlarımızın itirilməsi ilə barışsın. Lakin tarix göstərdi ki, həmin torpaqların üzünü görməyən uşaqlar döyüşə getdilər. Qarabağ orada qoyulan evdən, daşdan ibarət deyil. O, hansısa ruhani, sakral güclü bir anlayışdır. Bu baxımdan kinoya yanaşmamızda həmin məsələləri götür-qoy etməliyik.
- Köhnə filmlərimiz bu gün də sevilərək izlənilir. Necə düşünürsünüz, hazırda çəkilən filmlər də gələcəkdə bu qədər seviləcək?
- Onu demək çətindir. Köhnə filmlərimizin sevilməsi məsələsi də tam olaraq ölçü deyil. Elə filmlər var ki, 50-ci illərdə çəkilib və bu gün də sevilir. Lakin bu çox pis haldır. Filmdə insanın başının keçəl olmasının gülüş səbəbi kimi göstərilməsi qəbul edilən deyil. Bu qəbildən olan filmlərin hazırda sevilməsi və ya populyar olması da müsbət hal sayıla bilməz.
Hazırda çəkilən filmlər bəlkə də gələcəkdə seviləcək, lakin əsas məsələlərdən biri də filmdə hər şeyin, xüsusilə yumorun yüksək səviyyədə olmasıdır. İnsan estrada musiqisinə qulaq asanda dincəlir, bir qədər özünü yaxşı hiss edir. Əgər siz klassik musiqiyə qulaq asarkən o həqiqətən də sizdə hansısa hissləri oyadır, həmin musiqi hisslərinizlə bir səslənirsə, bu o deməkdir ki, siz artıq inkişaf etmiş insansınız. Bu cür insanlardan ibarət olan ölkənin elmi də, sənəti də, düşüncə və yaşayış tərzi də inkişaf edəcək. Bu fikir filmlər üçün də keçərlidir.
Son illərin Qara Qarayevi, Üzeyir Hacıbəyovu, Tahir Salahovu hanı?! Sənətin, kinonun ilkin vəzifəsi insanın mürəkkəb hisslərini oyatmaq, onu insan kimi inkişaf etdirmək, insanı təkcə fizioloji varlıq kimi göstərməməkdir. Acanda yeyir, soyuq olanda geyinir, yuxusu gələndə yatır. Bir sözlə insanın daxili hisslərini, şübhələnməsini, məyus olmasını, sevməsini mavi ekranda əks etdirmək lazımdır.
- Mədəniyyət Nazirliyində baş verən dəyişikliklər kinomuza necə təsir göstərəcək?
- İslahatlar, texniki imkanların genişləndirilməsi, maliyyə vəsaitinin ayrılması kinonun inkişafına kömək edə bilər. Lakin burada əsas məqam beyindir. Kinoya gələn rejissorların, sənətkarların beyinlərində dəyişiklik olmalıdır. Çarli Çaplin deyir ki, uşaqlığımda atama deyirdim ki, oyuncaqlarım yoxdur. Atam isə başımı göstərərək bildirirdi ki, budur sənin oyuncağın. Bir sözlə inqilab birinci beyində başlamalıdır. Beyinlərdə kinoya, sənətə münasibət dəyişməlidir. Digər şeylər isə bu inkişafa ya kömək, ya da mane ola bilər.
- İkinci Qarabağ müharibəsindən 3 il keçsə də, ondan bəhs edən gündəm olan bir film ərsəyə gətirilməyib. Sizcə, bu nə ilə bağlıdır?
- Qeyd etdiyim fikrimdə qalıram ki, yanaşma dəyişməlidir. Tələbələrimə müharibə haqqında 60-cı illərdə çəkilmiş bir filmi göstərdim. Orada müharibənin necə təsvir olunduğunu müzakirə etdik. Hər birimiz İkinci Qarabağ müharibəsinin ekranlarda öz sanballı əksini tapmasını gözləyirik. Bu qəbildən olan filmlərdə əsas olan insan amilidir. Onun keçirdiyi mənəvi hisslər, əzab, qürur və s. Bizdə isə müharibə filmləri ancaq dava-dalaş şəkildə çəkilir. Lakin müharibədə əsas olan dünya və insan taleyidir.
- Sənətkarlar nazirliyin kinoya ayırdığı maliyyənin mənimsənildiyindən giley-güzar edirlər. Siz necə düşünürsünüz? Sizcə, bu fikirlər reallığı əks etdirir?
- Onu demək üçün gərək audit olasan. Mən filmlərdəki problemi yaradıcılıqda və fəlsəfədə görürəm.
- Məlum olub ki, keçmiş mədəniyyət naziri 40 faiz nabələd və ali təhsili olmayan şəxsləri işə götürüb. Bu hal Azərbaycan kinosuna da təsir edib. Həm pandemiya, həm müharibələr, həm də nazirliyin kinoya biganə münasibəti... Bu qədər mənfi situasiyadan sonra kinomuz yenidən dirçələ biləcəkmi?
- Mən sualdan qaçmıram, lakin həqiqətən bunu deyə bilmərəm. Çünki bu gün kinomuzun getdiyi yol məni o qədər də sevindirmir. Hesab edirəm ki, kinoya böyük sənətkarların gəlişi ilə hər hansı inkişafdan danışa bilərik. Bu məsələdə insan, şəxsiyyət faktoru əsas rol oynayır.
- Azərbaycanda çəkilən serialları izləyirsinizmi? Azərbaycan tamaşaçıları daha çox xarici seriallara baxır. Ölkəmizdə maraqlı serialların çəkilməsi üçün nə çatmır?
- Həyatla bağlı seriallar çəkilməlidir. İnsan, onun daxili aləmi göstərilməlidir. Çünki onun fizioloji tələbatlarından başqa da həyatı var və o nə qədər dərin olsa, bir o qədər yaxşı olar. Bununla yanaşı tarixi seriallarla bağlı da boşluq çoxdur, çəkilmir. Məsələn, Rusiyada Brejnevin qızından tutmuş, Stalinin oğluna qədər hər birinin həyatı barədə film çəkilib. Bizdə də bunu etmək olar. Məsələn, Mircəfər Bağırov, Vaqif Mustafazadə kimi insanların həyatı barədə filmlər çəkilə bilər. Bu çox vacib bir məsələdir, çünki bu cür filmləri izləyərək tarixi mənimsəmək olur.
- Hazırda iki kinematoqrafiya ittifaqı var. Ortada isə ciddi kino işi yoxdur. Sizcə iki kinematoqrafiya təşkilatına ehtiyac varmı?
- Bəli, var. Çünki bu iki təşkilat da Azərbaycan xalqına, dövlətinə və sənətinə müxtəlif prizmalardan yanaşan təşkilatdır. Mənim bu və ya digər təşkilatda olmağım da bununla bağlıdır və mənim üçün prinsipial məsələdir. Heç kim məni bir ittifaqdan çıxıb digərinə getməyə məcbur etməyib. Bu qərarı vicdanımın səsi ilə vermişəm. Vaxtı çatanda həmin məsələ barədə hər şeyi xırda detallarına qədər bir məqalədə yazacağam.
- Azərbaycan Respublikası Kinematoqrafiya təşkilatı ilə Azərbaycan Kinematoqrafiya Təşkilatı birləşə bilərmi?
- Çətin məsələdir. Əgər belə bir şey olsa, mən təşkilatda qalmayacağam. Hər iki təşkilatda hörmət etdiyim insanlar var. Lakin qeyd etdiyim kimi bu mənim üçün prinsipial məsələdir.
- Xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu Azərbaycan Respublikası Kinematoqrafiya İttifaqında narazılıqlar yaranmışdı. Bunun səbəbi nə idi?
- Əsasən iş aparılmaması, fəaliyyətsizliklə bağlı narazılıqlar vardı. İclas keçirməkdə, qurultay çağırmaqda nə var?! Hesab edirəm ki, küsüb getməklə hansısa məsələ həll olunmur. İşin içində olub nələrisə dəyişməyə çalışmaq daha düzgün yanaşma olar deyə düşünürəm.
- “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunan kino forumu keçiriləcək. Foruma hansı təkliflərlə getməyi düşünürsünüz?
- Foruma hazırlaşıram və ciddi təkliflərlə gedəcəyəm. Bir çoxu barədə artıq müsahibəmizdə danışdım. Əgər forumda mənə söz verilərsə, Azərbaycanın keçdiyi bu tarixi dövrdə kinonun çiyninə düşən vəzifələrlə bağlı danışmağı planlaşdırıram.