ABŞ-ın Nyu-York ştatında yerləşən dünyaca məşhur Metropoliten Muzeyi Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında tarixi həqiqətləri təhrif edib.
“Report”un yerli bürosu xəbər verir ki, incəsənət ocağının internet saytında Nizami Gəncəvinin 1141-1209-ci illər arasında Azərbaycanın Gəncə şəhərində yaşayıb fəaliyyət göstərdiyi qeyd olunub. Ancaq muzeyin özündə adı İslam mədəniyyəti nümunələri kolleksiyasının nümayiş olunduğu “İslam Dünyası” bölməsində fars ədəbiyyatının öncülləri siyahısında təqdim edilib.
Muzeydə Nizaminin “Xəmsə”sindən - “Yeddi gözəl” poemasından Bəhram Gur, "Sirlər xəzinəsi"ndən Sultan Səncər və qarı, "Xosrov və Şirin", həmçinin “Sirlər Xəzinəsi” poemalarından bir çox orijinal parçalar nümayiş olunur. Həmin əsərlər haqqında məlumatların yer aldığı lövhələrdə də, onun azərbaycanlı olduğu haqqında heç bir məlumat əksini tapmayıb.
Metropoliten Muzeyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, incəsənət ocağında mövcud əsərlərə dair faktların dəyişdirilməsi məhkəmə qərarı ilə mümkün ola biləcək: "Məsələnin araşdırılması üçün isə əsərin müəllifinin aid olduğu ölkədə fəaliyyət göstərən müvafiq qurumların rəsmi müraciət etməsi tələb olunur".
Ümid edək ki, aidiyyəti qurumlar Nyu-Yorkun Metropoliten Muzeyinə rəsmi şəkildə müraciət ünvanlayaraq tarixi səhvin düzəldilməsini tələb edəcəklər.
Qeyd edək ki, Metropoliten Müzeyi Nyu-Yorkun simvollarından biri hesab olunur. 1870-ci ildə ayrı-ayrı zəngin iş adamlarının könüllü ianələri hesabına yaradılan muzeydə dünyaca məşhur nadir əsərlərin orijinalları sərgilənir. Üç milyona yaxın nadir eksponatın saxlanıldığı müzeyi görmək üçün hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla insan yolunu Nyu-York şəhərindən salır. Eyni zamanda muzeydə qədim Azərbaycan xalçalarında nümayiş etdirilir.