Bakı. 13 aprel. REPORT.AZ/ Yaponiyanın Fukusima prefektirasında yerləşən Vaseda şəhərində "Pepper" adlı danışan humanoid robot rəsmi olaraq orta məktəbə qəbul edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, robot dünyada ilk dəfə uşaqlarla birlikdə məktəbdə oxuyacaq.
Bu münasibətlə məktəbdə giriş mərasimi təşkil edilib və şagirdlərə robotla ünsiyyət qurmaqla bağlı unikal şansdan maksimum yararlanmaq tapşırılıb. "Pepper"in özü isə heç vaxt insan məktəbinə qəbul olunacağını düşünmədiyini bildirib və söz verib ki, dərslərdə tam gücüylə çalışacaq.
Robot təkcə yapon dilində yox, ingilis dilində də danışmağı bacarır.
Qeyd edək ki, "Pepper" "Aldebaran Robotics" və "SoftBank"la birgə hazırlanıb. Konsepsiyasının yaradıcılarının sözlərinə görə, robot ona müraciət edən adamın səs tembrlərini və üz ifadələrini təhlil edərək həmin şəxsin emosiyalarını ayırd edə bilir.