İtalyan moda evi “Prada” “NASA”nın “Artemida III” Ay missiyası üçün avadanlıq hazırlamaq üçün “Axiom Space” ilə əməkdaşlıq edəcək.
“Report” xəbər verir ki, bu barədə “Axiom Space” məlumat yayıb.
2025-ci il üçün planlaşdırılan “Artemida III” missiyası 1972-ci ilin dekabrında “Apollon 17”dən sonra Aya enən ilk missiya olacaq.
“Axiom Space”in baş direktoru Maykl Suffredini qeyd edib ki, “Prada”nın xammal, istehsal texnologiyaları və innovativ dizayn konsepsiyaları üzrə texniki təcrübəsi mövcuddur:
“Ay səthində astronavtlara rahatlığı təmin etmək üçün lazım olan qabaqcıl texnologiyalar lazımdır. Köhnəlmiş skafandrlarda çatışmayan amillər də nəzərə alınacaq”.
Şirkət həmçinin bildirib ki, “Prada” mühəndisləri dizayn prosesi boyunca “Axiom Space Systems” komandası ilə birgə çalışacaq, kosmosun və Ay mühitinin unikal çağırışlarından qorunmaq üçün materiallarda və dizayn xüsusiyyətlərində həllər inkişaf etdirəcək.