Bakı. 26 dekabr. REPORT.AZ/ İranın Serbiyadakı səfirliyi Əli Ağcanın Roma Papası II Pavelə sui-qəsdi ilə bağlı dediklərini təkzib edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Ə.Ağca bu sui-qəsdlə bağlı tapşırığı İranın o vaxtkı Ali Rəhbəri ayətullah Ruhulla Musəvi Xomeynidən aldığını deyib.
Səfirlikdən bildirilib ki, ayətullah Xomeyninin çeşidli dinlərə, özəlliklə Roma Papasına çox yaxşı münasibəti olub.
Əli Ağca Serbiya televiziyasına müsahibəsində "Mənə cənnət vəd edilib" adlı kitabında sui-qəsd tapşırığını ayətullah Xomeynidən alması ilə bağlı yazdıqlarını bir daha təkrar söyləyib.
Xatırladaq ki, 1981-ci il mayın 13-də Əli Ağca Roma Papası İohann II Pavelə sui-qəsd etmişdi. Həmin vaxt katoliklərin başçısı qarın nahiyəsi və əlindən yaralanmışdı.
Ə.Ağca hadisə yerində saxlanılmışdı. O, cəzasının 19 ilini İtaliya həbsxanasında çəkib. 2000-ci ildə Türkiyəyə təhvil verilib. 2006-cı ilədək ölkəsinin həbsxanasında saxlanılıb.