AKTA: Məsafədən kredit vermək məlumatların qorunmasında yeni suallar yaradır

Maliyyə
  • 28 oktyabr, 2026
  • 16:05
AKTA: Məsafədən kredit vermək məlumatların qorunmasında yeni suallar yaradır

Məsafədən kredit verilməsi məlumatların qorunması ilə bağlı yeni suallar yaradır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin eksperti Fərid Mirzəyev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, indiki rəqəmsallaşma dövründə müştərilər daha çevik maliyyə xidmətləri tələb edirlər: "Maliyyə təşkilatları çalışırlar ki, həmin xidmətləri müasir reallığa uyğunlaşdırsınlar. Burada əsas məqamlardan biri maliyyə təşkilatının inkişafı, informasiya təhlükəsizliyi və normativ tənzimləyici tələblər arasında balansın tapılmasıdır. Bu tələblərin real iş proseslərinə inteqrasiyasının haradan, necə başladığını aydınlaşdırmaq lazımdır. Bu istiqamətdə deyə bilərik ki, hazırda sistemimizdə müxtəlif proseslər həyata keçirilir. Məsələn, biz məsafədən kreditlər veririk. Bu zaman müştərilərlə müqavilələrimizi məsafədən bağlayırıq, müştərilər videoçəkilişlər edirlər və məlumatlar paylaşılır. Belə olduqda həmin məlumatların harada və necə saxlanılması, nə qədər müddət ərzində qorunması kimi suallar yaranır".

"Tənzimləyici tələblərin bu proseslərə nə dərəcədə dəstək verdiyini də müəyyənləşdirmək lazımdır. Çünki bu suallara cavab axtararkən normativ tələblərə də nəzər salırıq. Əvvəllər müqavilələri fiziki otaqlarda saxlayır və fiziki olaraq qoruyurduqsa, bu gün bilməliyik ki, həmin məlumatlar informasiya sistemlərində saxlanılır. İnformasiya sistemlərinin qorunması üçün isə həm fiziki təhlükəsizlik tədbirləri, həm texniki nəzarət mexanizmləri, həm də inzibati nəzarət tədbirləri tətbiq olunmalıdır. Düşünürəm ki, bu məsələdə tənzimləyici tələblər həm dəstəkləyici, həm də tənzimləyici rol oynayır. Eyni zamanda, bu yanaşmanın praktikada necə tətbiq olunması məsələsinə də diqqət yetirmək lazımdır", - deyə AKTA rəsmisi əlavə edib.