Bakının mərkəzində Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb
- 22 mart, 2026
- 18:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ölkədə vaxt etalonunun tətbiqi istiqamətində mühüm addım atıb.
"Report" xəbər verir ki, Bakının simvollarından biri olan Saat qülləsində (Paraşüt qülləsi) artıq Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) əsasında vaxt göstərilir.
Bununla bağlı Bulvar ərazisində, qüllənin yaxınlığında məlumatlandırıcı stend də quraşdırılıb.
Saat qülləsində UTC (AZ)-ın tətbiqi milli vaxt mənbəyinin ictimai məkanlarda istifadəsinin genişləndirilməsi və vaxt sinxronizasiyasının təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir.
Bu nailiyyət AzMİ-nin, xüsusilə Vaxt və tezlik ölçmələri laboratoriyasının həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir və ölkədə vaxt metrologiyasının inkişafına mühüm töhfə verir.
Milli Etalon Vaxtını Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures – BIPM) ötən ilin noyabr ayında təsdiq edib. Bu isə ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.