Başa çatmış, Prezident İlham Əliyevin sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuş 2024-cü ildə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) keçirildi. Bu mühüm tədbir zamanı ölkənin ali audit qurumu hesab olunan Hesablama Palatası da bir sıra əhəmiyyətli işlərə imza atdı, onun iştirakı ilə hazırlanmış "İqlim Skaneri"nin ilkin nəticəsi açıqlandı. Bununla yanaşı, Palatanın ekoloji auditləri, dövlət maliyyəsinin idarə edilməsi, şəffaflıq və hesabatlılıq, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr üzrə apardığı işlər böyük marağa səbəb oldu. Qurumun sədri Vüqar Gülməmmədov ilin yekunları, əldə edilmiş nəticələr və gələcək planlar haqqında "Report"un suallarını cavablandırıb:
- Palatanın ötən il apardığı ekoloji auditlər hansı sahələri əhatə edib, hansı nöqsanlar aşkarlanıb? Xüsusilə Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyası ilə bağlı hansı addımlar atılıb?
- 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Bakıda COP29-un keçirilməsi Palatanın məsuliyyətini artırmaqla bu sahə üzrə keçirilən auditlərin sayına da artırıcı təsir edib. Ötən ilin İş Planında 2 ekoloji auditi – “Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi”ni və “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi”ni nəzərdə tutmuşduq. Səmərəlilik auditlərinin kifayət qədər əmək və vaxt resursu tələb etməsi fonunda hər iki ekoloji auditi bu növdə keçirməyimiz, düşünürəm ki, mövzunun bizim üçün nə qədər aktual olduğunu əyani sübut edir.
Həmin auditlərdən 1-nin nəticələri rəsmiləşdirilib. İctimaiyyətə artıq məlumat vermişik. Bu auditin əsas nəticələrini ümumi şəkildə ifadə edə bilərəm. Kanalizasiya və çirkab sularının Kür çayına axıdılmasını, drenaj şəbəkəsinin böyük hissəsinin yararsız vəziyyətdə olduğunu, yüksək su itkisinə yol verildiyini, şoranlaşmış və yaxud duzlaşmış torpaqlarda xüsusi tədbirlərin lazımi qaydada həyata keçirilmədiyini, torpaqların şorlaşmasının da təsiri ilə ölkədə bir sıra əsas kənd təsərrüfatı məhsullarının istehsal göstəricilərinin əvvəlki illərlə müqayisədə azaldığını müəyyən etmişik. Audit prosesində aşkarladığımız nöqsanların aradan qaldırılması istiqamətində təkliflərimizi aidiyyəti qurumlara təqdim etmişik.
Digər auditin nəticələrinin rəsmiləşdirilməsi prosesini yaxın zamanda həyata keçirəcəyik və bundan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Ekoloji auditlər sahəsində gördüyümüz digər bir fəaliyyət kimi ötən ilin sonuncu rübündə Ali Audit Orqanlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısına ev sahibliyi etməyimizi nümunə göstərə bilərəm. Bu tədbirdə ətraf mühit problemlərinin həllində audit institutunun rolunun artırılmasını müzakirə etdik və bu sahədə təcrübə mübadiləsi apardıq, əsas problemlərə və ali audit orqanları olaraq üzləşdiyimiz əsas çətinliklərə toxunduq. Bu toplantı bir daha göstərdi ki, ali audit orqanları da öz növbəsində ətraf mühitin qorunması ilə bağlı vəzifələrini yerinə yetirməyə çalışmalıdırlar və bu vəzifələrin icrası ekoloji auditlərin sayının artırılmasından keçir.
- Ötən il Palata dövlət maliyyəsinin idarə edilməsi sahəsində hansı əsas problemləri aşkarlayıb? Növbəti dövr üçün hansı risklər aktualdır? Bu problemlərin həlli istiqamətində hansı tədbirlər görülüb?
- Ötən il Palata büdcələrin icrası, yenidən baxılması və layihəsinə dair 9 rəy hazırlayıb və aidiyyəti üzrə təqdim edib. 9 rəydən 4-ü bu ilin büdcə prosesləri ilə bağlıdır. Sadaladığım rəylərdə dövlət maliyyəsi üzrə aşkarladığımız problemləri şərh edib, dövlət maliyyəsinin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində tövsiyələrimizi əks etdirmişik. Bir müsbət məqamı qeyd edim ki, əvvəlki ildə aşkarladığımız problemlərin bəziləri ötən il tam və yaxud qismən aradan qaldırılıb, bəziləri üzrə isə addımlar atılmaqdadır.
İndi isə növbəti dövr barədə sualınıza keçid alaq. Məlum olduğu kimi, noyabrda 2025-ci ilin büdcə zərfi Milli Məclisdə aidiyyəti hökumət nümayəndələrinin də iştirakı ilə 3 oxunuşda geniş müzakirə edildi. Dövlət büdcəsinin, eləcə də iki büdcədənkənar dövlət fondunun büdcələrinin layihələrinə hazırladığınız rəylərin müzakirələrə töhfə verdiyi qənaətindəyik. Hesab edirik ki, rəylərimiz dövlət maliyyəsinin idarə edilməsi üzrə növbəti dövr üçün gözləntilərlə bağlı təsəvvürü formalaşdıran ən mühüm analitik sənədlərdəndir. Dediyim Rəylər və müvafiq Xülasələrlə, həmçinin Milli Məclisin plenar və komitə iclaslarındakı çıxışlarmızla daha ətraflı rəsmi saytımızda tanış ola bilərsiz.
Bildiyiniz kimi, Palata olaraq, rəylərimizdə fiskal risklərə mütəmadi yer veririk. Ötən il də ənənəmizdən geri qalmadıq və Rəyimizdə növbəti ilin büdcə layihəsi üzrə əsas riskləri qeyd etdik. Bəzi risklər büdcə sənədləşməsində nəzərə alınıb, bəzilərini isə növbəti dövr üçün aktual hesab etmişik, müvafiq riskləri makroiqtisadi, spesifik və institusional olmaqla qruplaşdırmışıq. Bu risklərə əsas kapitala investisiyalar portfelində dövlət sektorunun payının ilbəil yüksəlməsini, sosial və digər sahələrdə dövlət öhdəliklərinin artmasını, dövlət borcuna xidmət xərclərinin artaraq əhəmiyyətlə məbləğlə ifadə olunmasını və s. aid etmişik.
Ötən ilə gəldikdə isə, büdcənin icrası ilə bağlı bir neçə məqam üzərində durmaq istərdim. Qeyd edəcəklərim bəzi büdcədən maliyyələşən qurumlar üzrə intizamın yüksəldilməsinə ehtiyac olduğunu göstərir. Büdcənin icrası ilə bağlı məlumatlara əsasən, ilk 11 ayda əhəmiyyətli profisit qeydə alınıb. Bu, təxminən 3 milyard manatdır. İlin əvvəlinə qalıq və il ərzində kəsirin maliyyələşdirilməsi üzrə məbləğlər nəzərə alındıqda qalıq məbləğ bir qədər böyüyür. Buna səbəb kimi büdcənin (ayrılan vəsaitin) vaxtında icra edilməməsi, bəzi qurumların dövlət vəsaitlərinin proqnozlaşdırılması prosesinə nisbətən formal yanaşması, satınalma prosedurlarını vaxtında aparmaması, xərclərin rəsmiləşdirilmə prosesini düzgün aparmaması, investisiya layihələrini sifarişçi təşkilatların düzgün idarə etməməsi hallarını qeyd edə bilərəm. Sadaladığım bu hallar keçirdiyimiz auditlərlə təsdiqlənir.
- Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hansı nəticələr əldə edilib? “İqlim Skaneri" aləti ilə aparılan qiymətləndirmələrdə hansı çatışmazlıqlar aşkarlanıb?
- Məlum olduğu kimi, COP29 çərçivəsində nəticələri açıqlanan "İqlim Skaneri" layihəsinə qoşulmuşduq. Bu layihə bizim üçün də yenilik oldu, bu cür mötəbər tədbirə ev sahibliyi etməyimiz bu layihədə özümüzü sınamağa imkan yaratdı. Qısa müddətdə dövlət qurumlarına sorğu göndərərək tələb olunan məlumatları qiymətləndirdik və icmallaşdırılma üçün beynəlxalq quruma təqdim etdik.
Layihənin tələbi dünya üzrə icmallaşdırılmış məlumatların açıqlanması ilə bağlı idi. COP29-a kimi 141 ölkədən 61-i qiymətləndirməni yekunlaşdırmışdı. Ümumi şəkildə bildirsəm, dövlət siyasəti və idarəetmə istiqamətində əksər ölkələrdə vəziyyət qənaətbəxş olsa da, maliyyə sahəsində ürəkaçan deyil. Skaner gələcək üçün potensial audit mövzularının müəyyənləşdirilməsinə imkan verir. Hesab edirəm ki, Skanerin nəticələrindən İş Planına mövzuların seçilməsi zamanı risk qiymətləndirilməsində yararlanacağıq.
- Dövlət orqanlarının hesabatlılıq və şəffaflıq səviyyəsi ilə bağlı aparılmış auditlərin nəticələri necədir? Bu sahədə hansı sahələrdə inkişaf var və hansı çatışmazlıqlar mövcuddur?
- Çıxışlarımızda maliyyə hesabatlılığı və şəffaflığının əsas meyarlarını bir neçə dəfə səsləndirmişik. Apardığımız auditlər, təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir. Məsələn, əvvəlki illərlə müqayisədə büdcənin icrası barədə və satınalmalara dair hesabatların əsasən vaxtında təqdim olunması, malların, iş və xidmətlərin “Dövlət satınalmaları haqqında” qanunda göstərilmiş prosedur və metodlar tətbiq olunmaqla alınmasının genişləndirilməsi, büdcənin icrası barədə hesabatların müəyyən edilmiş tələblərə uyğun tərtibi, məcburi auditin predmeti olan müəssisələr üzrə auditin təmin edilməsi və auditor rəyi ilə birlikdə maliyyə hesabatlarının dərc olunması irəliləyiş olan istiqamətlər kimi qeyd edilə bilər.
Lakin dövlət auditinin nəticələri dövlət orqanlarının hesabatlılığında hələ də təkmilləşdirilməli sahələrin olduğunu göstərir. Buraya uçotun ölkədə qəbul edilmiş beynəlxalq maliyyə hesabatları çərçivəsinə uyğun olaraq aparılmasını, maliyyə hesabatlarının maliyyə hesabatlılığı çərçivəsinə (IFRS və ya IPSAS) uyğun tərtibi və vaxtında təqdim olunmasını, dövlət sektoru qurumlarının daxili nəzarət mexanizmini gücləndirməsini aid edə bilərəm. Bu fəaliyyətlər üçün qurumlarda müvafiq bilik və bacarıqlara malik olan əməkdaşların artırılması da çox vacibdir.
- İpoteka və Kredit Zəmanət Fondunun vəsaitlərinin formalaşdırılması və idarə edilməsinə dair audit keçirilib. Qiymətləndirmələr mənzil təminatı ilə bağlı nə göstərir və hansı tövsiyələri təqdim etmisiz.
- İlkin qiymətləndirməyə əsasən, il ərzində ölkədə yaşayış sahələri üzrə bağlanan alqı-satqı əqdlərinin 15 %-i ipoteka kreditləri ilə maliyyələşdirilir. Göründüyü kimi Fondun kreditlərinin daşınmaz əmlak bazarının konyunkturasına təsiri kifayət qədərdir. Yaşayış sahələrinin tikintisinə tələbin artması daşınmaz əmlak bazarında ipoteka kreditləri və satış hüququ üzrə kirayə mənzil fondunun xüsusi çəkisinin artmaqda davam etməsini deməyə əsas verir.
Aparılan audit göstərir ki, güzəştli ipoteka kreditlərinin verilişindən geri qaytarılan vəsait tam olaraq təkrar maliyyələşdirməyə yönəldilməyib, bir hissəsi ipoteka örtüyü ilə təmin edilmiş ipoteka istiqrazları bağlanmasına və digər istiqamətlərə yönəlib.
Hesab edirik iki, Fondun maliyyə resurslarının səmərəli istifadəsi və dayanıqlığın artırılması xüsusilə güzəştli ipoteka kreditlərinə olan tələbin qarşılanması və ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə daxil olan vəsaitlərin yenidən maliyyələşdirilməyə yönəldilməsinə üstünlük verilməlidir.
Fondun kirayə mənzil portfelinə daxil edilmiş (təhvil alınmış), lakin ilin sonuna qədər kirayəyə verilməmiş mənzillərin səmərəli şəkildə idarə olunması və vaxtında kirayə prosesinin təmin edilməsi məqsədilə operativ tədbirlərin görülməsi, resursların optimal bölgüsünün təmin edilməsi məqsədilə səmərəlilik prinsipinə riayət edilməklə əməliyyat effektivliyinin artırılması zəruridir.
- İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri üzrə şəffaflıq və maliyyə intizamı ilə bağlı konkret nöqsanlar aşkarlanıb? Hesablama Palatası işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri ilə bağlı hansı təklifləri təqdim edir?
- İlk olaraq bildirməliyəm ki, ölkə Prezidentinin müvafiq tapşırıqlarına əsasən işğaldan azad edilmiş ərazilərdə olduqca böyük işlər görülür. Bu sahələrdə Palata olaraq bəzi pre-auditləri həyata keçiririk. Məqsəd maliyyə nəzarətinin keçirilməsi zamanı pre-auditə (ilkin auditə) dair müvafiq audit prinsiplərində qeyd olunan məqamlar da nəzərə alınmaqla maliyyə pozuntuları baş verməzdən öncə onların qarşısının alınmasıdır.
Əvvəlki il olduğu kimi, ötən ilin İş Planında da işğaldan azad edilmş ərazilərdə bərpa və yenidənqurma ilə bağlı məsələlərin auditi yer alıb. Başa çatdırdığımız auditlər zamanı bəzi təkliflərlə də çıxış etmişik. Hesab edirik ki, bu təkliflərin bəziləri dövlət vəsaitinə qənaəti də formalaşdıra bilər. Məsələn, şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində görülən işlərin maliyyələşdirilməsi üçün ayrılan xərclərin optimallaşdırılması, layihə sənədlərindəki iş həcmlərinin faktiki tələbatla uyğunlaşdırılması, tələbatdan artıq güclərin yaradılmaması və s. bunlara aid ola bilər.
- "Ağıllı kənd" layihəsinin qiymətləndirilməsi necə aparılıb və hansı tövsiyələr verilib? Layihənin icrası ilə bağlı aparılmış auditlərin nəticələri nələrdən ibarətdir?
- Müvafiq layihə üzrə də Palata nəzarət tədbirini pre-audit formasında keçirib. Auditin nəticələrini hələki rəsmiləşdirməmişik. Lakin ilkin bəzi nəticələri təqdim edə bilərəm. Audit çərçivəsində müəyyən edilib ki, karbon izini əhəmiyyətli dərəcədə azaldan müasir və resurslardan səmərəli istifadəyə imkan verən layihələndirmə və tikinti işləri aparılıb. Başqa sözlə, binaların izolyasiyası və alternativ mənbələrdən enerji istehsalı hesabına karbon emissiyaları azalıb. Eyni zamanda, layihə üzrə tikinti norma və standartlarına uyğun işlərin müvafiq qaydada rəsmiləşdirilməsi keçirilib. Həmçinin bəzi müqavilələrin məbləğlərinin real tələbat və görüləcək işlər diqqətə alınmaqla azaldılması işləri aparılıb. Bu fəaliyyətlərə aparılan auditin töhfəsinin olduğunu bildirməliyəm.
Ağıllı kənd konsepsiyası yerli əhalinin iqtisadi, sosial və ya ekoloji şəraitinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun və strategiyaların yaradılmasını nəzərdə tutur. Ağıllı həllərlə də bağlı bəzi audit nəticələrinə toxuna bilərəm. Məsələn, ağıllı həllər ilə bağlı konseptual yanaşmalardakı qeyri-müəyyənlik, həmçinin bu sahədə hazırda mövcud olan milli hüquqi çərçivədəki boşluqlar bu tərz layihələrin icrasına effektiv nəzarəti risklərə məruz qoyur. Hazırda layihənin sosial-iqtisadi inkişaf, maliyyə idarəçiliyi, yerli idarəetmə və digər aspektləri nəzərə alan kompleks idarəetmə çərçivəsinin qurulumasına ehtiyac olduğunu bildirməliyəm.
- Azərbaycanın xarici ölkələrdə həyata keçirdiyi layihələr və yaxud investisiya proqramları üzrə (məsələn, TANAP, TAP, SOCAR-ın xarici investisiyaları) auditlər aparılıbmı? Bu layihələrdə aşkarlanmış potensial maliyyə nöqsanları və tövsiyələr nələrdir?
- Hazırda Azərbaycan Dövlət Neft Şirkətinə “İğdır-Naxçıvan qaz kəmərinin tikintisi” layihəsi üzrə ayrılan dövlət investisiyalarının Türkiyə Sayıştayı ilə birlikdə paralel auditi davam edir. Nəticələrin növbəti aylarda rəsmiləşdirilməsi gözlənilir.