“Silkway Insurance”in aktivləri 11% artıb
- 20 aprel, 2017
- 09:02
Bakı. 20 aprel. REPORT.AZ/ “Silkway Insurance” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 46,676 mln. manat təşkil edib.
“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 10,9% çoxdur.
Son 1 ildə “Silkway Insurance”in uzunmüddətli aktivləri təxminən 80% azalaraq 258 min manat, qısamüddətli aktivləri isə 13,7% artaraq 46,418 mln. manat olub.
Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 11,5% artaraq 20,969 mln. manata, o cümlədən uzunmüddətli öhdəlikləri 6,2% artaraq 19,598 mln. manata, qısamüddətli öhdəlikləri isə 4 dəfə artaraq 1,371 mln. manata çatıb.
İl ərzində “Silkway Insurance”in cəmi kapitalı isə 10,35% artaraq 25,707 mln. manat olub.
Bu ilin I rübündə “Silkway Insurance”in cəmi gəlirləri 7,671 mln. manat (ötən ilin eyni dövrünə nisbətən 7% az), cəmi xərcləri isə 6,557 mln. manat (15,5% az) təşkil edib. Son nəticədə şirkətin rüblük mənfəəti 1,114 mln. manat olub ki, bu da illik müqayisədə 2,3 dəfə çoxdur.
Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i "Silkway Airlines" şirkətinə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.