Samir Şərifov: “Azərbaycan QDTİB-in əlavə kapitallaşdırılmasını dəstəkləməyə hazırdır”

Samir Şərifov: “Azərbaycan QDTİB-in əlavə kapitallaşdırılmasını dəstəkləməyə hazırdır” Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) əlavə kapitallaşdırılmasına dəstək verməyə hazırdır.
Maliyyə
23 İyun , 2022 10:33
Samir Şərifov: “Azərbaycan QDTİB-in əlavə kapitallaşdırılmasını dəstəkləməyə hazırdır”
Samir Şərifov

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) əlavə kapitallaşdırılmasına dəstək verməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Bakıda keçirilən 24-cü İllik Toplantısında maliyyə naziri, Bankın Azərbaycan üzrə rəhbəri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, ölkə bu məsələdə bundan sonra da lazımi dəstəyi verəcək.

S.Şərifov bildirib ki, hazırda Rusiya ilə Ukrayna arasındakı hazırkı münaqişə insan ölümünə, çoxlu sayda insanın qaçqına çevrilməsinə səbəb olan fəlakətdir, bu, həmçinin ərzaq böhranı və Qara dənizdə logistika ilə bağlı problemlər yaradıb.

“Beynəlxalq maliyyə institutları müharibə və koronavirus (COVID-19) pandemiyası ilə bağlı bütün çətinlikləri qiymətləndirməlidir”, - o vurğulayıb.

Xatırladaq ki, ötən ilin oktyabrında QDTİB-in Direktorlar Şurasının növbədənkənar iclasında bankın nizamnamə kapitalının artırılması ilə bağlı qərar qəbul edilib. Qərar səs çoxluğu ilə, xüsusən də bankın ən böyük səhmdarları - Türkiyə, Rusiya və Yunanıstanın dəstəyi ilə qəbul edilib.

QDTİB Azərbaycana hazırda Bankın səhm kapitalında sahib olduğumuz paya mütənasib, yəni artırılan kapitalın 5 %-i təklif olunur. Bu halda ölkəmizin 12,31 milyon avro məbləğində vəsaiti 8 il ərzində bərabər hissələrlə (ildə 1,539 milyon avro) ödəməsi gözlənilir.

Hazırda QDTİB-nin elan olunmuş kapitalı 3,45 milyard avro, abunə olunmuş kapitalı 2,289 milyard avro, ödənilmiş kapitalı isə 0,687 milyard avrodur.

QDTİB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan - hərəyə 16,5 %, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

Son xəbərlər

Orphus sistemi