Samir Şərifov: “Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə tələb olunan maliyyənin diaqnostikası aparılır” - MÜSAHİBƏ

Samir Şərifov: “Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə tələb olunan maliyyənin diaqnostikası aparılır” - MÜSAHİBƏ Qlobal iqtisadi qeyri-sabitlik və iqlim çağırışları şəraitində Azərbaycan maliyyə dayanıqlılığı və investorlar üçün cəlbediciliyini nümayiş etdirir. Azərbaycanın maliyyə naziri Samir Şərifov "Report" agentliyinə müsahibəsində ölkənin kredit reytinqinin yü
Maliyyə
6 Sentyabr , 2024 10:44
Samir Şərifov: “Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə tələb olunan maliyyənin diaqnostikası aparılır” - MÜSAHİBƏ
Samir Şərifov

Qlobal iqtisadi qeyri-sabitlik və iqlim çağırışları şəraitində Azərbaycan maliyyə dayanıqlılığı və investorlar üçün cəlbediciliyini nümayiş etdirir. Azərbaycanın maliyyə naziri Samir Şərifov "Report" agentliyinə müsahibəsində ölkənin kredit reytinqinin yüksəldilməsindən, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və iqtisadiyyatın "yaşıl transformasiyası" üçün hansı beynəlxalq investisiyaların cəlb edilməsinin planlaşdırıldığı barədə danışıb. Bakıda keçiriləcək ilin ən böyük iqlim konfransı ərəfəsində biz həmçinin ölkədə iqlim dəyişikliyi ilə mübarizə üçün görüləcək işləri müzakirə etdik.

Həmin müsahibəni təqdim edirik:

- Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) gündəliyində olan əsas mövzu iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə məsələsidir. Azərbaycana iqlimlə mübarizə üçün tələb olunan maliyyənin qiymətləndirilməsi aparılıbmı?

- Bu, dünya üzrə gedən bir prosesdir. Azərbaycan da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinə qoşulan bir ölkə kimi öz üzərinə müəyyən öhdəliklər götürüb. Onlar əsasən karbon qazlarının emissiyası üzrə öhdəliklərdir. Bu istiqamətdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Baş nazirin müavinin sədrliyi ilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası formalaşdırılıb. Komissiyanın tərkibində Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər, Maliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri və sair dövlət orqanlarının nümayəndələri təmsil olunub. Yəni ölkədə bu işlərin gedişatını məhz həmin komissiya əlaqələndirir.

Bu zaman iki əsas strateji yanaşma sərgilənir. Bunlardan biri iqlim dəyişmələrinin təsirlərinin azaldılması (mitiqasiya), digəri isə bu təsirlərə uyğunlaşma (adaptasiya) ilə bağlıdır. Bu tədbirlərin təmin olunması üçün həm vəsait tələb olunur, həm də müvafiq planlar. Hazırda bu işlərin diaqnostikası aparılır. Eyni zamanda son iki ildə dövlət büdcəsində ayrıca bəndlərlə iqlim məsələlərinə həsr olunan maliyyə vəsaitlərinin ayrılmasına başlanılıb.

- Azərbaycan hökuməti xarici dövlət borcunun artırılması imkanlarını nəzərdən keçirirmi? Bu yöndə hər hansı əməli fəaliyyət aparılırmı?

- Bildiyimiz kimi, xarici dövlət borcu üzrə Azərbaycanda müvafiq strategiya qəbul olunub. Həmin sənədə uyğun olaraq Azərbaycan həm daxili həm də xarici dövlət borcunu ümumi daxili məhsulun (ÜDM) müəyyən nisbətinə uyğunlaşdırmalıdır. Xarici borcumuz əhəmiyyətli dərəcədə azalıb. Bu baxımdan hesab edirəm ki, bizdə vəziyyət hazırda olduqca qənaətbəxşdir. Bununla belə, qərar verilib ki, Azərbaycan ortamüddətli dövrdə layihə maliyyələşdirməsi üçün beynəlxalq maliyyə qurumlarından təxminən 5 milyard ABŞ dollarına qədər vəsait cəlb edə bilər. Sözsüz ki, bu, bir günə əmələ gələn iş deyil.

Hazırda beynəlxalq maliyyə institutları ilə layihələrin hazırlıq prosesi, onların dəyərləndirilməsi və sair bu kimi işlər aparılır. Bu fəaliyyətin nəticəsi olaraq müvafiq sazişlərin imzalanması nəzərdə tutulur. Enerji sisteminin gücləndirilməsi məqsədilə artıq ilkin layihələr demək olar ki, imzalanmaq üçün hazırdır. Həmin layihələrin maliyyələşdirilməsi həm Dünya Bankı, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən həyata keçiriləcək. Bu layihələrin reallaşdırılması öz növbəsində ölkənin enerji şəbəkəsinin müəyyən neqativ təsirlərə məruz qalmasının qarşısını alacaq.

- Bu ilin iyul ayında “Fitch Ratinq” beynəlxalq reytinq agentliyi ilk olaraq Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinədək yüksəldib. Digər reytinq agentliklərindən də investisiya reytinqi almaq nəzərdən keçirilirmi?

- Şübhəsiz ki, biz bunu istəyirik və buna haqqımız da var. Ona görə ki, son illər ərzində Azərbaycan iqtisadiyyatında köklü müsbət dəyişikliklər baş verməkdədir. Bir tərəfdən Azərbaycanın valyuta ehtiyatları artmaqdadır, digər tərəfdən isə borc öhdəlikləri azalmaqdadır. Nəticə etibarı ilə bu, xalis maliyyə aktivlərinin artımına gətirib çıxarır. Bu da heç şübhəsiz ki, hər bir investor üçün Azərbaycan qiymətli kağızlarına, borcuna investisiya etmək istəyənlər üçün olduqca müsbət və etibarlılığı göstərən bir faktordur.

Yenə də o fikirdəyəm ki, reytinq agentlikləri Azərbaycana kifayət qədər həssas yanaşırlar. Müəyyən mənada xəsislik nümayiş etdirirlər. Ancaq buna baxmayaraq ilkin olaraq “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini bir pillə artıraraq investisiya kredit reytinqi səviyyəsinə yüksəltdi. Güman edirəm ki, "Standard & Poors" və “Moody's” də oxşar addımlar atacaqlar. Bu əsnada “Moody's” beynəlxalq reytinq agentliyinin Azərbaycan hökumətinin emitent və yüksək təminatsız xarici valyutada reytinqləri üzrə proqnozunu "sabit"dən "müsbət"ə dəyişməsi bunun daha tez zamanda baş verəcəyinə dair bizə ümid verir. Yəni bu proseslərin öz ədalətli həllini tapacağına dair kifayət qədər nikbinik.

- Azərbaycan hökuməti Dünya Bankı və Asiya İnkişaf Bankı ilə növbəti illər uçun ölkə tərəfdaşlıq strategiyaları hazırlayır. Yeni strategiyaların nə zaman təsdiq olunması gözlənilir?

- Prinsip etibarı ilə bu strategiyalar bankların siyasət sənədləridir. Belə ki, hər bir dövlətlərarası banklar vaxtaşırı üzvlərdə həyata keçirdiyi proqramları müəyyən edən siyasət sənədləri qəbul edirlər. Söhbət əlbəttə ki, ölkə tərəfdaşlıq strategiyalarından gedir. Bildiyimiz kimi, mövcud strategiyaların müddətləri bitmək üzrədir. Bununla bağlı artıq həmin qurumlar Azərbaycan hökuməti ilə yeni müddəti əhatə edən strategiyaların hazırlanması üzərində çalışmağa başlayıb. Güman edirik ki, növbəti ildə bu proses başa çatacaq.

- Bu ilin noyabrın 15-dən Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbərlər şurasının təşkilata üzv olan ölkələr üçün kvotaların həcminin 50 % artıraraq 960 milyard ABŞ dollarına çatdırılması haqqında qərarı qüvvəyə minir. Məlumdur ki, Azərbaycanın IMF-dəki kvotası ümumi kvota həcminin 0,08 %-ni təşkil edir ki, bu da ölkəyə Fondda ümumi səslərin 0,11 %-ni (5 376) təmin edir. Azərbaycanın IMF-də kvotaların yenilənməsi prosesində iştirakla bağlı mövqeyi necə olacaq?

- Azərbaycanın kvotaların artımında iştirakı bizim Fondun üzvləri arasında mövcud xüsusi çəkimizin qorunmasına yönələcək. Bu baxımdan müvafiq olaraq hər hansı artım olarsa biz bu prosesdə iştirak edəcəyik. Bunun üçün vəsaitlər nəzərdə tutulub. Ödənişlər ayrı-ayrı tranşlarla bir neçə il ərzində baş verir.

- Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azər-Türk Bank” ASC-nin səhmlərinin 51 %-ni əldə etməyi planlaşdırır. Nəzərə alsaq ki, hazırda Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur, digər səhmdarların sırasında isə Türkiyə və Azərbaycanın bank və şirkətləri daxildir. SOCAR bu sövdələşməni Bankın hansı səhmdarlarının payının əldə edilməsi ilə reallaşdırmaq istəyir?

- Məndə olan məlumata görə, söhbət alqı-satqıdan getmir. Söhbət həmin Bankda dövlətə məxsus olan səhmlərin bir qisminin SOCAR-ın sərəncamına verilməsindən gedir. Bu gün qanunvericilikdə belə bir müddəa yoxdur ki, dövlət şirkəti digər dövlət orqanının hansısa əmlakını alsın.

Son xəbərlər

Orphus sistemi