“Premium Bank”ın mənfəəti 4 dəfə azalıb
- 22 aprel, 2022
- 09:57
“Premium Bank” ASC bu ilin I rübünü 1,393 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 dəfə azdır.
Yanvar-mart aylarında “Premium Bank”ın gəlirləri 11,227 milyon manat (illik müqayisədə 2 % çox), xərcləri 9,078 milyon manat (22,2 % az), xüsusi ehtiyatlara ayırmaları isə 757 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Premium Bank”ın aktivləri 657,651 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3 % azdır. Bunun 480,804 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,3 % kiçilib.
Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 2,2 % azalaraq 476,555 milyon manata, o cümlədən depozit portfeli 2,5 % azalaraq 438,172 milyon manata, balans kapitalı isə 2,8 % azalaraq 181,096 milyon manata düşüb.
Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.