Bir neçə gündür ki, Milli Məclisdə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi müzakirə olunur.
Sənəddə bir çox maraqlı məqamlar, o cümlədən elektron pulun emissiyası öz əksini tapıb.
Bəs bu qanun qəbul olunduğu halda ölkəyə nə verəcək?
"Report"a açıqlama verən Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova bildirir ki, yeni qanun bir çox boşluqları doldura biləcək və xüsusilə fiziki şəxslərin ödəniş sistemləri ilə bağlı bir sıra suallarına aydınlıq gətirəcək: “Ödəniş sistemlərindən ən çox faydalananlar fiziki şəxslərdir və onlar əmin olmalıdırlar ki, bu münasibətlər normativ hüquqi aktla tənzimlənir. Yeni qanun biznes modellərini dəyişdirəcək, yeni modellərin ortaya çıxmasına zəmin yaradacaq. Maliyyə bazarının müxtəlif iştirakçıları daha funksional və etibarlı olacaq. Ödəniş sistemlərinin operatorluğu, klirinq, ekvayrinq, ödəniş alətlərinin emissiyası, prosessinq xidmətlərinə nəzarətin hüquqi tənzimlənməsi formalaşacaq".
Onun sözlərinə görə, ödəniş sistemlərinin sahibləri olan hüquqi şəxslər artıq nəzarət orqannın tələblərinə cavab verməli olacaqlar: “Elektron pul kisələri və digər yeni anlayışlar bütün dünyada qanunvericiliklə tənzimlənir. Elektron pul kisəsindən istifadə zamanı ödənişləri bank hesabından istifadə etməyərək adi qaydada həyata keçirə bilərsiniz. Bəli, hazırda da ödəniş xidmətləri həyata keçirən şirkətlər elektron pul kisəsini istifadəyə verib. Lakin, onların hüquqi bazasının olmaması geniş kütlə tərəfindən istifadə edilməsinə maneçilik törədir Əgər biz maliyyə xidmətlərin əlçatanlığından danışırıqsa, mütləq ən yaxşı təcrübəyə əsasən fəaliyyət göstərən ödəniş sistemlərimiz olmalıdır".
"Elektron biznesin rahat və etibarlı ödəniş sisteminə qoşulması artıq onun baza ehtiyacıdır. Fikrimcə, yeni qanunda biz bugünkü dövrə uyğun olan terminologiyanı görə biləcəyik. Həmçinin bu, ölkəmizdə rəqəmsal hüququn, eləcə də “Fintech”in inkişafı üçün təkan olacaq. “Elektron pul” termini yeni anlayışlara aiddir və qanun layihəsində bu anlayışa tərif verilib. Artıq elektron pul emissiyasını edə biləcək subyektlər müəyyən edilib və prosesi tənzimləyən Azərbaycan Mərkəzi Bankı (AMB) pul öhdəliklərinin müvafiq limitlərini müəyyənləşdirəcək. Nəzərə alaq ki, elektron pul bir tərəfdən ödəniş üsuludur, digər tərəfdən isə emitentin ənənəvi qaydada icra etdiyi pul öhdəliyidir. AMB-nin müvafiq limitlərinin bu sahədə müəyyən olunması məhz istehlakçıların hüquqlarının qorunmasının təminatı kimi çıxış edəcək”.