2023-cü ildə Maliyyə Monitorinqi Xidmətində (MMX) 331 öhdəlik daşıyan şəxs qeydiyyatdan keçib ki, bu da 2022- ci illə müqayisədə 10,7 dəfə çoxdur.
“Report” bu barədə MMX-ya istinadən xəbər verir.
Məlumata görə, bu il yanvarın 1-nə qeydiyyatdan keçmiş öhdəlik daşıyan şəxslərin ümumi sayı 862 vahidə çatıb.
Bundan başqa, ötən il 414 məsul şəxs qeydiyyatdan keçib ki, bu da əvvəlki ilə nisbətən 10,1 dəfə çoxdur.
2023-cü ildə öhdəlik daşıyan şəxslər Xidmətə şübhəli hesab etdikləri, ümumi dəyəri 8 milyard 385,5 milyon manat olan 1 501 əməliyyatla bağlı hesabat təqdim edib. Bunlar isə 2022-ci illə müqayisədə müvafiq olaraq 3,9 dəfə və 38,2 % çoxdur.
MMX bəyan edib ki, şübhəli əməliyyatlar bağlı hesabatların sayında müşahidə olunan artımın başlıca səbəbi “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulmuş aylıq nağdlaşdırma limitini pozan vergi ödəyiciləri ilə bağlı hesabatların 2023-cü ildən şübhəli hesabat kodu altında Xidmətə təqdim edilməsidir.
Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.