İpoteka kreditləri: Mövcud vəziyyət, problemlər və pandemiyadan təsirlənmə

İpoteka kreditləri: Mövcud vəziyyət, problemlər və pandemiyadan təsirlənmə Vətəndaşların üz tutduğu kredit formalarından biri də ipoteka kreditləridir
Maliyyə
25 Fevral , 2021 18:19
İpoteka kreditləri: Mövcud vəziyyət, problemlər və pandemiyadan təsirlənmə

Vətəndaşların üz tutduğu kredit formalarından biri də ipoteka kreditləridir. Hər il banklar tərəfindən vətəndaşlara müxtəlif həcmlərdə ipoteka kreditləri verilir, dövlət tərəfindən İpoteka və Kredit Zəmanət Fonduna kreditləşmə üçün dövlət büdcəsindən müəyyən məbləğ ayrılır və eyni zamanda MTK-lar tərəfindən də mənzillərin ipoteka yolu ilə satışı həyata keçirilir.

İqtisadçı ekspert Rəşad Həsənov “Report”a verdiyi açıqlamada bildirib ki, 2020-ci ildə ipoteka kreditlərinin verilməsindəki aktivlik əvvəlki dövrlərlə müqayisədə daha yüksək olub:

Onun sözlərinə görə, pandemiya dövründə hökumət iqtisadi sektorlarda aktivliyi dəstəkləmək məqsədilə bir sıra qərarlar qəbul etdi: "Bunlardan biri də daşınmaz əmlak bazarı və tikinti sektorunun canlandırılması ilə əlaqədar 2020-ci ilin birinci yarısında əlavə 80 milyon manat vəsaitin ipoteka krediti formasında bazara injektə edilməsi idi. Nəticədə 2020-ci ildə ipoteka kreditləri sahəsində aktivliyin əvvəlki dövrlərlə müqayisədə daha yüksək olduğunu deyə bilərik. Bu məqsədlə daha çox vəsait ayrıldı və daha çox insan bu imkandan yararlana bildi. Eyni zamanda 2020-ci ildə bir çox sahələrdə geriləmənin baş verməsi insanların gəlirlərinə də təsir göstərməklə onların ipoteka kreditlərinə çıxış imkanlarını müəyyən qədər məhdudlaşdırdı. Bir çox həqiqi ehtiyacı olan insanlar yaradılmış bu şansdan istifadə edə bilmədilər. Bu da 2020-ci ildə məhz bu sahədə qeydə alınan əsas problemlərdən biri kimi xarakterizə oluna bilər".

 “Azərbaycanda ipoteka sistemi təkmilləşdirilməlidir”.

Rəşad Həsənov

İqtisadçı-ekspert

Ekspert bu sahədə olan başqa problemləri də diqqətə çatdırıb:

"Yaradılan imkanlar əsasən dayanıqlı iş yeri və yüksək gəlirləri olan insanlar üçün daha əlverişli şəraitə səbəb oldu. Istənilən halda ipoteka bazarında müəyyən böyümə qeydə alındı. Amma ümumi götürəndə bu sistemin kifayət qədər ciddi nöqsanları vardır. İndi bu istiqamətdə problemlər qismən həll olunub. Müraciətlər və qiymətləndirmələr əsasən onlayn qaydada olur. Bu isə müəyyən qədər “makler” fəaliyyətlərinin, qeyri-rəsmi ödənişlərin tələb olunmasının qarşısının alınmasına gətirib çıxarıb. Lakin sistemin özünün fundamental problemləri var.

Azərbaycanda dövlət vəsaitləri hesabına verilən ipoteka, güzəştli mənzil layihəsi, kirayə mənzil layihəsi kimi layihələr əsasən aztəminatlı ailələrin mənzil probleminin həllinə və onların həyat şəraitinin yaxşılaşdırılmasına hədəflənib. Amma müəyyən edilmiş şərtlər bunun əksinə səbəb olub. Yəni bu imkanlardan daha çox gəliri olan insanlar istifadə edə bilir. İpotekaların 70-80 %-ini gəliri 1 000-1 500 manatdan yuxarı olan insanlar əldə edir. Bu sahədə mənzil əldə etmək hüququ olanlar sırasına əsasən spesifik sahələrdə çalışan şəxslər daxildir, hansı ki, həmin sahələrdə çalışanların böyük əksəriyyətinin gəlirləri Azərbaycan üçün orta səviyyədən çox yüksəkdir".

R.Həsənovun sözlərinə görə, gəlirə uyğun olaraq ipoteka hüququndan istifadənin məhdudlaşdırılması ilə bağlı mexanizm yoxdur: "Sizin bir neçə eviniz varsa, əlavə birini də dövlət vəsaitləri hesabına maliyyələşən ipoteka vasitəsilə əldə edə bilərsiniz. Güzəştli mənzil layihəsində də bənzər mexanizm var. Bu məhdudiyyətlərin olmaması qeyd edilən proqramların daha çox imkanlı sosial qrupların istifadə etməsinə yönəlməsinə və aztəminatlıların da bu imkanlardan istifadə şanslarının azalmasına gətirib çıxarır. Təbii ki, burda mövcud mexanizmə görə riski banklar öz üzərinə götürür.

Banklar da çalışır ki, daha yüksək gəliri olan müştərilərə bu kreditləri versinlər. Nəticədə proqramın əsas mahiyyəti itir. 6-7 evi olan insanlar növbəti evi bu imkanlardan istifadə etməklə alır və o evi də kirayəyə verərək kirayədən əldə etdikləri vəsaitlə ipotekanın aylıq ödənişini edirlər. Deməli sistemin özünün təkmilləşdirilməsinə ehtiyac var. Çünki proqramın özünün maliyyələşmə imkanları çox məhduddur. Müraciət kifayət qədər çoxdur. Vəsait ayrılandan üç gün sonra artıq sistemdə müraciət etmək imkanı qalmır. Ona görə də düşünürəm ki, tezliklə Azərbaycanda ipoteka sistemi təkmilləşdirilməlidir".

“Unibank”ın İpoteka Kreditləri şöbəsinin müdiri Xalid Hətəmov bildirib ki, pandemiya ilə bağlı ipoteka kreditlərinin sayında heç bir problem yaranmayıb:

“Əksinə 2020-ci ildə 2019-cu ilə nisbətən daha çox satış oldu. Müştərilərə evdən çıxmaq məhdudiyyətinin qoyulduğu karantin dövrlərində ev tapmaqla bağlı problemlər yaranmışdı. Bunun həlli üçün də lazım olduqda müştərilərə Fond tərəfindən verilən 45 günlük müddət uzadılırdı. Müştərilər tərəfindən elə ciddi problemlər olmurdu. Onların üzləşdiyi problemlər müxtəlif dövlət fondları tərəfindən müvafiq qaydada aradan qaldırılırdı".

"Getdikcə ipoteka kreditlərinə maraq artır"

Xalid Hətəmov

“Unibank”ın İpoteka Kreditləri şöbəsinin müdiri

X.Hətəmov bildirdi ki, artıq getdikcə ipoteka kreditlərinə tələbat artır: "Çünki ipoteka kreditlərinin verilməsi daha çox sosial yönümlü bir layihədir və əsasən evə ehtiyacı olan müştərilərin müraciəti ilə bağlıdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il ipoteka kreditlərinin sayı artıb”.

“Bank of Baku”nun İpoteka bölməsinin baş eksperti Nemət İsmayılov da ipoteka kreditləri ilə bağlı vəziyyətin qənaətbəşx olduğunu qeyd edib:

"Vətəndaşlar tərəfindən İpoteka kreditlərinə tələbat var, müraciətlər təhlil olunur və mövcud limit çərçivəsində kreditlərin ayrılması davam edir"

Nemət İsmayılov

“Bank of Baku”nun İpoteka bölməsinin baş eksperti

“Hazırda İpoteka kreditləri ilə bağlı mövcud vəziyyət yaxşıdır, ipoteka kreditləri hesabına daşınmaz əmlak bazarında aktivlik müşahidə olunur. 2020-ci ildə pandemiya ilə əlaqədar müştərilərə ipoteka kreditlərinin rəsmiləşdirilməsində bəzi çətinliklər yarandı, bunlardan dövlət qurumlarının əməkdaşlarının tam tərkibdə işləməməsi, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən çıxarışların verilməsində müşahidə olunan gecikmə halları, SMS icazələrin tətbiq olunması, virusa yoluxma təhlükəsi olduğu üçün kredit götürmək istəyən şəxslər ev axtarışında və almaq istədikləri mənzilə fiziki formada baxış keçirməsində yaranmış çətinliklər və digərlərini qeyd edə bilərik.

Cari 2021-ci ildə bu kimi çətinliklər müşahidə olunmur. Hazırda vətəndaşlar tərəfindən ipoteka kreditlərinə tələbat var, müraciətlər təhlil olunur və mövcud limit çərçivəsində kreditlərin ayrılması davam edir”.

Son xəbərlər

Orphus sistemi