“EKOL Mühəndislik Xidmətləri” maliyyə vəziyyətini açıqlayıb
- 20 iyun, 2025
- 17:27
“EKOL Mühəndislik Xidmətləri” QSC 2024-cü ili 5,677 milyon manat xalis zərərlə başa vurub.
“Report” xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,4 dəfə çoxdur.
Ötən il “EKOL Mühəndislik Xidmətləri”nin əməliyyat gəlirləri 34,573 milyon manat (əvvəlki ilə nisbətən 1,4 % az), əməliyyat xərcləri isə 39,538 milyon manat (11,4 % çox), o cümlədən əmək haqqı və məcburi dövlət sosial sığorta xərcləri 19,556 milyon manat (8,8 % az), debitor borclarının silinməsi xərcləri 4,162 milyon manat (əvvəlki il olmayıb), köhnəlmə və amortizasiya xərcləri 2,109 milyon manat (24,3 % az), istifadə etdiyi xammal və materialların dəyəri 2,427 milyon manat (6,5 % çox), subpodratçıların göstərdiyi xidmətlərin dəyəri 6,524 milyon manat (5 dəfə çox), kommunal xərcləri 339 min manat (26,1 % az), icarə xərcləri 770 min manat (7,8 dəfə çox), sair xərcləri 3,651 milyon manat (48,3 % az) təşkil edib.
Bundan başqa, şirkətin sair gəlirləri 779 min manat (4,3 dəfə çox), faiz xərcləri isə 1,535 milyon manat (2,2 % az) olub. Səhmdar cəmiyyətinin mənfəət vergisi ödəmələri üzrə qənaəti 44 min manat (əvvəlki il vergi ödəyib) olub.
Bu il yanvarın 1-nə “EKOL Mühəndislik Xidmətləri”nin aktivləri 32,714 milyon manat təşkil edib ki, bu da illlik müqayisədə 15,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,2 % azalaraq 19,22 milyon manata, balans kapitalı isə 29,6 % azalaraq 13,494 milyon manata düşüb.
Xatırladaq ki, “Ekol Mühəndislik Xidmətləri” 2006-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - 51%) və xarici investor “Lancer Services S.A.” şirkətinin (49%) birgə iştirakı ilə təsis edilib. Onun nizamnamə kapitalı 4,072 milyon manatdır. Müəssisənin fəaliyyətinin əsas məqsədi respublika hüdudlarından kənarda və respublika daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində: sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.