Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanla, xüsusən də bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafı üçün yeni imkanları nəzərdən keçirir.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidenti Dmitri Pankin deyib.
O bildirib ki, Azərbaycan BSTDB-in mühüm səhmdarıdır.
D.Pankinin sözlərinə görə, hazırda Ukraynadakı müharibə səbəbindən dünyada vəziyyət dəyişib və bank indi öz rolunun nə olacağını və necə töhfə verə biləcəyini müəyyənləşdirməlidir.
Qeyd edək ki, bu gün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının 24-cü İllik Toplantısı işə başlayıb.
Xatırladaq ki, QDTİB Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan - hər biri 16,5 %, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyə çalışır.