"Bank BTB” bu ilin I rübünü zərərlə başa vurub
- 18 aprel, 2022
- 07:34
"Bank BTB” ASC bu ilin I rübünü 3,295 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 365 min manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-mart aylarında "Bank BTB”nın gəlirləri 7,915 milyon manat (illik müqayisədə 3,1% az), xərcləri 8,008 milyon manat (1,2% az), xüsusi ehtiyatlara ayırmaları isə 3,201 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il aprelin 1-nə "Bank BTB”nin aktivləri 356,788 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6% çoxdur. Bunun 247,438 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,4% böyüyüb.
Hesabat dövründə "Bank BTB”nin öhdəlikləri 8,1% artaraq 305,132 milyon manata, o cümlədən depozit portfeli 11,8% artaraq 146,336 milyon manata çatıb, balans kapitalı isə 5,1% azalaraq 51,656 milyon manata düşüb.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.