Azərbaycan Məkkə Konvensiyasına qoşulub
- 28 oktyabr, 2026
- 16:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Məkkə Konvensiyasına qoşulub.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib.
"İƏT ölkələrinin hüquq-mühafizə orqanlarının əməkdaşlığına dair Məkkə Konvensiyası 2022-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində qəbul edilib. Azərbaycan da bu sənədin hazırlanması və qəbul edilməsində fəal iştirak edib", - o qeyd edib.
Baş prokuror xatırladıb ki, Azərbaycan əvvəlki iki görüşdə də iştirak edib, üçüncü görüş isə oktyabrın 27-28-də Bakıda keçirilib.
"Bu görüş çərçivəsində Azərbaycan digər dövlətlərlə birlikdə konvensiyaya qoşulub. Sənəd artıq imzalanıb və ümid edirik ki, yaxın vaxtlarda o, ratifikasiya olunacaq, bundan sonra konvensiyanın müddəaları Azərbaycan qanunvericiliyinə implementasiya ediləcək", - K.Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bu mərhələdə konvensiyaya qoşulması ölkənin İƏT çərçivəsində bu formata gələcək sədrliyi ilə əlaqədar xüsusi əhəmiyyət daşıyır.
"Bildiyiniz kimi, qarşıdakı illərdə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu formata sədrlik edəcək. Ümid edirəm ki, bu dövrdə ölkəmiz İƏT dövlətləri ilə bütün istiqamətlərdə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli əməkdaşlığı davam etdirəcək", - K.Əliyev vurğulayıb.
Baş prokuror, həmçinin qeyd edib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır:
"Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsini nümayiş etdirir. Bildiyiniz kimi, Azərbaycan BMT-nin müvafiq konvensiyalarına, habelə bu sahədəki digər regional və beynəlxalq sazişlərə qoşulub. Məkkə Konvensiyası bu sahədə əməkdaşlıq üçün yeni bir platformadır. Hesab edirəm ki, bu istiqamətdəki fəaliyyətimiz də uğurlu olacaq".